Naxçıvanda mühasib qadınlar üçün seminar təşkil edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni dövrün çağırışları: Rəqəmsal mühasibatlıq” adlı seminar təşkil edilib.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminara maliyyə-mühasibatlıq sahəsində çalışan 12 qadın cəlb olunub.
Tədbirin keçirilməsində əsas məqsəd bütün sahələrə sürətli dəyişikliklər gətirən rəqəmsal keçidin mühasibat peşəsinə təsiri və gələcək gözləntilərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.
Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, son illərdə informasiya texnologiyalarındakı inkişafa paralel olaraq maliyyə məlumatlarının və mühasibat əməliyyatlarının elektron mühitə ötürülməsinin təmin edilməsi peşələr üzərində bəzi köklü dəyişikliklərin baş verməsinə səbəb olub. Onlardan biri də mühasib peşəsidir.
Çıxış zamanı mühasibat uçotunun inkişaf tarixi, mühasibatlıqda kompüter texnologiyasının tətbiqi mərhələləri və rəqəmsal mühasibatlıq haqqında məlumat verilib. Yüksək texnologiyaların mühasibatlığa gətirdiyi yeniliklər, bu yeniliklərdən istifadənin mühasiblərə verdiyi üstünlüklər və gələcəkdə peşəkar mühasiblərin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb. Bildirilib ki, süni intellekt, robot texnologiyaları, bulud sistemləri, blok zənciri texnologiyası, e-sənəd idarəetmə sistemlərinin yaratdığı rəqəmsallaşma peşəkar mühasibat işçilərinin yeni texnologiyaların tətbiqinə uyğunlaşmasını olduqca əhəmiyyətli edir.
Sonda mühasib xanımlara sertifikatlar təqdim edilib.