NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğulayıb və istehlak bazarının keyfiyyətsiz, eləcə də təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, istehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi məqsədilə ötən il 878 halda istehsal, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət həyata keçirilib. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 8 mindən çox tara ilə təmin olunub, “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilib. Həmçinin ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyətinə nəzarətin və ixracının təmin edilməsi məqsədilə 2020-ci ildə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 557 halda məhsullarda laboratoriya analizləri aparılıb, onların standartlara uyğun markalanması təmin edilib.
Vurğulanıb ki, ötən dövr ərzində 89 mal çeşidini əhatə edən 765 səyyari və 1822 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Sonda İqtisadiyyat naziri Tapdıq Əliyev istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi, bu sahədə sahibkarların vəzifələri barədə məlumat verib.
Ərhan Novruzov