Bu sahənin inkişafına hesablanmış yeni Dövlət Proqramı qəbul olunub
Əməkdar jurnalist Mətanət Məmmədovanın müəllifi olduğu 2 cildlik “Naxçıvan blokadası” kitabında blokadanın ilk illərində muxtar diyarın yaşadığı ağır və məşəqqətli günlərdən bəhs edilir. Kitabda o dövrün qəzetlərində dərc olunmuş, naxçıvanlıların həyat mübarizəsindən bəhs edən məqalələrə də yer verilib. Həmin yazılardan birinə – 1991-ci ildə “Şərq qapısı” qəzetinin müxbiri tərəfindən qələmə alınan “Kəndli kartof axtarır” başlıqlı yazıya diqqət yetirək. Müəllif yazır: “Bəs nə oldu, kəndlinin üzü torpaqdan döndü? Aparılan müşahidələr göstərir ki, son illər muxtar respublikamızda bu sahəyə ikinci dərəcəli bir iş kimi baxılır. Bir çox təsərrüfat başçıları müxtəlif bəhanələrlə kartof əkini keçirməkdən yaxa qurtarmağa can atırlar. Çox vaxt isə kartof yalnız plan xatirinə əkilir. Təsərrüfatlarda məhsulun intensiv yollarla artırılmasına fikir verilmir. Nəticədə, hektardan orta hesabla 30-40 sentner məhsul götürülür. Bu isə olduqca azdır. Yaşlı nəslin nümayəndələri deyirdilər ki, vaxtilə şəxsi həyətyanı sahələrdə hər hektardan 110-120 sentner kartof götürülürdü. Muxtar respublikada yaranmış ərzaq qıtlığını, ilk növbədə, əhalinin kartofa olan ehtiyacını qismən də olsa, ödəmək üçün son günlər İran İslam Respublikasından Naxçıvana kartof göndərilir. İlk baxışda bu, yaxşıdır. Lakin bununla yaramız sağalmır. Axı atalar demişkən: qonşuya ümid olan şamsız qalar”.
Ötən əsrin 90-cı illərində təkcə kartofçuluq yox, təsərrüfatın bütün sahələri tənəzzül dövrünü yaşayırdı. Kəndli torpaqdan uzaq düşmüş, müharibə insanların sabaha olan ümidini, inamını yox etmişdi. Enerji resurslarının yoxluğu ucbatından uzun illərə şahidlik etmiş ağacların kökünə balta vurulurdu. Di gəl, mövsümdə bağlardan meyvə topla görüm, necə toplayırsan? İşıqsız, qazsız, məktəbsiz güc-bəla ilə dolanmaq, ötüşmək olardı. Bəs ərzaq qıtlığına son vermək, illərlə məhsul yetişdirilməyən torpağı yenidən cana gətirmək üçün nə etmək lazım idi?
Naxçıvanlılar müstəqillik illərində blokada ilə mübarizəyə qalxdılar. Yaşamaq, var olmaq, əkib-becərmək, məhsul istehsal etmək, iş-güc, peşə, sənət sahibi olmaq üçün blokada anlayışını yaddan çıxardılar. Beləliklə, blokada Naxçıvanı müstəqillik illərində tarix yazdı. Bu dövrdə aqrar sahəyə də böyük diqqət göstərildi, kənd təsərrüfatının inkişafına hesablanmış dövlət proqramları qəbul olundu. Meliorativ tədbirlər həyata keçirildi, təsərrüfatçıların maliyyə imkanları yaxşılaşdırıldı, onlara güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlar verildi. Hər il Naxçıvanda on minlərlə hektar sahədə əkin aparılır, parnik və istixana təsərrüfatlarında yetişdirilən məhsullar bazar və dükanları ilboyu təzə və keyfiyyətli məhsullarla təmin edir. Yaradılan soyuducu anbarlar isə istehsal olunan meyvə və tərəvəz məhsullarının uzun müddət xarab olmadan saxlanılmasına, xarici bazarlara çıxarılmasına imkan verir. Bütün bunların nəticəsidir ki, indi muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının böyük bir hissəsi yerli istehsal hesabına ödənilir.
Cari ildən başlayaraq muxtar respublikada meyvəçilik və tərəvəzçilik yeni mərhələdə inkişaf etdiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qarşıdakı 5 il ərzində məhsul bolluğuna təminat verəcək mühüm dövlət sənədidir.
Xatırladaq ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icra olunması qədim diyarda yeni yaşıllıq zolaqlarının salınmasına, parnik və istixana təsərrüfatlarının yaradılmasına mühüm töhfə verib. Babək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən dövr ərzində adı çəkilən dövlət proqramına uyğun olaraq Nəhəcir, Kərimbəyli və Zeynəddin kəndlərində müasir tələblərə cavab verən istixana kompleksləri yaradılıb. Bu dövrdə rayon ərazisində 2362 hektar sahədə kartof, 254 hektar sarımsaq, 165 hektar soğan, 266 hektar yerkökü və 755 hektar sahədə digər tərəvəzlərin əkini aparılıb. Əhalini ilboyu təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək üçün Nehrəm qəsəbəsində tutumu 2500, Didivar kəndində isə 40 ton olan soyuducu anbar yaradılıb.
Məhsuldarlığın artırılmasında meliorativ tədbirlərin aparılması mühüm əhəmiyyətə malikdir. Son illər Naxçıvanda müasir meliorasiya və irriqasiya tədbirlərinin aparılması uzun müddət əkilməyən, eləcə də eroziyaya uğramış qeyri-münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə şərait yaradıb. Dövlət proqramına uyğun olaraq 2016-2020-ci illər ərzində rayonun Kərimbəyli və Kültəpə kəndlərində, ümumilikdə, 565 hektar ərazini əhatə edən 1360 metr uzunluğunda yeni suvarma şəbəkəsi yaradılıb. Bununla yanaşı, ötən 5 il ərzində rayonda 14 min 450 metr uzunluğunda açıq və qapalı drenaj xətti çəkilib və beləliklə, 400 hektardan artıq sahədə şoranlaşmanın və eroziyanın qarşısı alınıb.
Məlumatda o da qeyd olunur ki, dövlət proqramının uğurlu icrası meyvəçiliyin də inkişafına təkan verib. Belə ki, ötən dövr ərzində rayonun Nehrəm qəsəbəsində 42, Məmmədrza Dizə kəndində 7,8, Sirab kəndində isə 1,5 hektar sahədə yeni meyvə bağı salınıb, kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması məqsədilə yerlərdə təsərrüfatçılarla görüşlər təşkil olunub. Verilən tapşırıqlara uyğun olaraq dağlıq və dağətəyi zonalarda alça, cəviz, armud, heyva, alma bağlarının salınması davam etdirilib. Bu məqsədlə Aşağı Buzqov kəndində 0,8 hektar sahədə alma, 1 hektar sahədə isə cəviz bağı salınıb.
Bu dövrdə muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsi və istehsalının artırılması, üzüm bağlarının salınmasının dəstəklənməsi də diqqətdə saxlanılıb, 2016-2020-ci illər ərzində rayonda 250 hektardan artıq sahədə üzümlüklər salınıb.
Yuxarıda qeyd olunan faktlar ötən 5 il ərzində meyvəçiliyin və tərəvəzçiliyin planlı şəkildə inkişaf etdiyindən xəbər verir. Qəbul olunan yeni dövlət proqramında isə aid qurumların qarşısında yeni hədəflər müəyyənləşdirilir. Meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü məhsul istehsalının dəstəklənməsi, muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsi “İxrac ili”nə mühüm töhfə verəcək. Tədbirlər planına uyğun olaraq qarşıdakı illərdə Naxçıvanda müasir tələblərə cavab verən soyuducu anbarların və istixana komplekslərinin yaradılması davam etdiriləcək, meyvə-tərəvəz emalı müəssisələri qurulacaq.
Burada diqqətçəkən bəndlərdən biri də meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması işi ilə bağlıdır. Əvvəlki illərdə qazanılan təcrübə bunu deməyə əsas verir ki, bu sahədə də təsərrüfatçıların maarifləndirilməsinə ehtiyac vardır. Torpaq mülkiyyətçisi bilməlidir ki, meyvə bağını və ya tərəvəz əkini sahəsini sığortalatdırmaqla gələcəkdə dəyən zərərin əvəzini ala biləcək.
Bundan başqa, tədbirlər planına uyğun olaraq qarşıdakı dövr ərzində meyvə-tərəvəz məhsulları istehsalçılarının müasir texnika və avadanlıqlarla təminatı yaxşılaşdırılacaq, aqroservis xidmətləri göstəriləcək. Dövlət tərəfindən yabanı meyvə və giləmeyvələrin toplanması, emalı və satışına da dəstək veriləcək. Bununla bağlı müraciət edən ailə təsərrüfatçılarına dövlət maliyyə dəstəyi göstəriləcək.
Beləliklə, 2021-2025-ci illəri əhatə edəcək yeni dövlət proqramı həm də əvvəlki proqramların icrası dövründə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir. Nəticə göz qabağındadır: bir zamanlar ərzaq qıtlığı ilə üzləşən Naxçıvanda bu gün minlərlə hektar sahədə meyvə bağları salınır, soyuducu anbarlar yaradılır, müasir əkin və suvarma metodlarından istifadə olunur. Daha gözümüzü qonşuya dikmirik, əksinə, həm də ixrac qabiliyyəti olan məhsullar istehsal edirik, xarici bazarlara dadı və keyfiyyəti ilə seçilən Naxçıvan məhsulları çıxarırıq. Deməli, inkişaf və tərəqqi üçün blokada heç bir əngəl törədə bilməz.
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti