Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də daxil olmaqla Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərindən bəhs edən məqalə yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qırğızıstanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevin müəllifi olduğu məqalədə Şərq-Qərb, Şimal-Cənub dəmir yolu marşurutlarının beynəlxalq ticarət üçün perspektivlərindən söz açılıb. Qeyd olunub ki, həmin nəqliyyat dəhlizləri Çin iqtisadiyyatının və beynəlxalq ticarətinin sürətli inkişafı ilə bağlıdır.
Müəllif XX əsrin sonunda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqillik qazanması ilə qeyd olunan istiqamətlər üzrə beynəlxalq yüklərin daşınması imkanının yarandığı, müvafiq infrastrukturun yaradılması üçün işlərin aparıldığını qeyd edib. Bu xüsusda Çindən yüklərin dəmir yolu ilə Mərkəzi Asiya və Cənubi Qafqaza, oradan Qara dəniz, Türkiyə və Aralıq dənizi vasitəsilə Avropaya çatdırılmasının ən qısa yol olduğunu vurğulayan C.Otorbayev yazır ki, bu marşurutun ən vacib halqalarından olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrında istifadəyə verilib. Həmin xətt ildə bir milyon sərnişin və 15 milyon ton yükün daşınması imkanına malikdir.
"Müasir dəmir yolu marşurutları tezliklə Böyük İpək Yolunu canlandıracaq" başlıqlı məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ötən il 20 TEU ekvivalentdə 10 mindən çox konteynerin daşındığını, bu yol ilə yüklərin Çindən Avropaya 12-15 günə çatdırıldığını, 2019-cu ildə Çinin Sian şəhərindən çıxan ilk yük qatarının Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Praqaya çatdığını yazır. Ötən ilin dekabrında isə Türkiyədən ilk yük qatarı təxminən 8700 kilometr məsafə qət edərək Sian şəhərinə gəlib.