Aprel ayının ilk həftəsindən başlayaraq Türkiyə Respublikasının müxtəlif şəhərlərində “43-cü Tikinti Materialları və Texnologiyaları” Beynəlxalq Sərgisi və “32-ci Beynəlxalq Mebel Sərgisi” keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik tərəfindən muxtar respublikada tikinti sektorunda fərqlənən Cahan Holdinq və Gəmiqaya Holdinqin nümayəndələrinin sərgidə iştirakı təmin edilib. Tikinti sektorunun inkişaf etdiyi bir zamanda iş adamlarımızın bu cür beynəlxalq sərgidə iştirak etməsi muxtar respublikada tikinti sahəsinin müasir dövrün tələblərinə uyğun olaraq inkişafının mühüm göstəricisidir.
İstanbul şəhərində inşaat sahəsində fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi və yeni biznes əlaqələrinin qurması məqsədilə təşkil edilən “43-cü Tikinti Materialları və Texnologiyaları” Beynəlxalq sərgsində Türkiyə, Yaxın Şərq, Mərkəzi Asiya, Şimali Afrika və dünyanın digər yerlərindən tikinti sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Sərgi çərçivəsində iştirakçılar ən yeni tikinti texnologiyaları və təkmilləşdirilmiş inşaat xidmətləri ilə tanış olacaq, xarici tikinti şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı qazanacaqlar.
Növbəti sərgi Türkiyə Respublikasının İzmir şəhərində yerləşən “İzmir Fuar” sərgi salonunda açılan “32-ci Beynəlxalq Mebel Sərgisi”dir. Sərginin məqsədi müxtəlif növ mebel və ev dekorasiyasının istehsalçıları ilə alıcıları arasında birbaşa əlaqələr yaratmaqdır. 35 ölkədən olan 317 iştirakçını məhsullarını nümayiş edəcəyi sərgiyə muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Mebel Fabriki” MMC-nin nümayəndəsi də qatılıb. Brendlərin reklamı və yeni tərəfdaşların tapılması məqsədi ilə qarşı tərəfə muxtar respublikada istehsal olunan məhsullar haqqında geniş məlumat verilib.
Qeyd edək ki, aprelin 12-dən 16-dək Moskva şəhərində keçiriləcək “Prodekspo-2021” sərgisində muxtar respublikada qida sektorunda fərqlənən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirak etməsi nəzərdə tutulub.