İqtisadiyyatın inkişafında nəqliyyatın rolu

A- A A+

Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb etməkdədir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin və iqtisadiyyatının inkişaf səviyyəsini göstərən mühüm amil olub.

Nəqliyyat ölkənin iki ayrı iqtisadi sektoru olan kənd təsərrüfatı və sənaye arasında əlaqə yaradır, ölkə iqtisadiyyatını vahid kompleks olaraq bir araya gətirir.

XXI əsrin iqtisadiyyatı hər bir ölkənin dünya bazarının rəqabətə dözümlü, ixtisaslaşdırılmış məhsul istehsalını tələb edirsə, nəqliyyat sahəsində isə yüksək yük tutumuna və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin olmasını tələb edir. Bu baxımdan dünya ölkələrində nəqliyyatın bütün sahələri üzrə gedən rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi təşkil edir.

Dünyada nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, yüz milyonlarla əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, quru və su hövzələrində yerləşən zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb edilməsində, əhalinin məskunlaşmasında, şəhər, qəsəbə və kəndlərin təşəkkül tapmasında, əsas sənaye və nəqliyyat qovşaqları, həmçinin limanların inkişafında vacib iqtisadi əhəmiyyət kəsb edir.         

Bu baxımdan respublikamızda da iqtisadiyyatın yüksək templə inkişafını təmin edən, davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi-siyasət bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı üçün də əlverişli imkanlar yaratmaqla ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafında keyfiyyətcə yeni mərhələ başladıb. Belə bir şəraitdə sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və cəmiyyətimizin dinamik artan daşıma tələblərinin operativ, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün nəqliyyat sistemində səmərəli tənzimləmələrin aparılması artıq mühüm bir zərurətə çevrilib.

Ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında xüsusi yeri olan nəqliyyat sektoru məhsul və xidmətlərin istehsalı, paylanması, istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5 faiz, inkişaf etməkdə olan ölkələrdə 4,25 faiz, bütün dünyada isə, orta hesabla 4,8 faiz təşkil edir. O cümlədən, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollara yaxındır. Deməli, nəqliyyat xərclərinin azaldılması və onun nəticəsində istehlak bazarlarına istehsal mallarının çatdırılması xərclərinin aşağı salınması rəqabət gücünün artmasına və digər iqtisadi sahələrin, o cümlədən sənayenin və milli iqtisadiyyatın inkişafına gətirib çıxarır.                                 

Bu baxımdan Azərbaycan Respublikasının dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiya proseslərində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin uzlaşdırılması və təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri arasında mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda tarixi "İpək yolu"nun bərpası TASİS (Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) və TRASEKA (Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi)  proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əhəmiyyətə malikdir. Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarixi "İpək yolu"na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyev qeyd edib: “Əminəm ki, tarixi böyük “İpək yolu”nun bərpası məsələlərinin müzakirəsi, konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın, inkişafın, Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir”. Bu baxımdan Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq inteqrasiyada mühüm rol oynadığını nəzərə alıb dəmir yolu, dəniz nəqliyyatı, avtomobil, boru kəməri, hava və çay nəqliyyatının sahələr üzrə iqtisadi səmərəliliyi müəyyən olunmaqla, müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və yükdaşıma imkanları araşdırılır, respublikanın iqtisadi rayonları üzrə nəqliyyat sistemi təhlil edilir, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri müəyyənləşdirilir, daxili və xarici yükdaşımada nəqliyyatın səmərəliliyi və potensial imkanları qiymətləndirilir. Respublikamız müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoyması, nəqliyyatda sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün əlverişli stimul yaradıb.

Hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Azərbaycan TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində bir sıra nəhəng infrastruktur layihələri həyata keçirib. 2017-ci ildə istifadəyə verilmiş Bakı - Tbilisi - Qars dəmir yolu Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi təmin edilməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasına nail olunub. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionda iqtisadiyyatın inkişafına müsbət töhfə verəcəkdir.  

Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələri sistemində yerini müəyyən edən mühüm amillərindən biri də dəniz nəqliyyatının inkişaf etməsidir. Belə ki, qədim “İpək yolu”nun  bərpası dəniz nəqliyyatını Avropa və Asiya ölkələri arasında tranzit yük axınına malik olan mühüm nəqliyyat vasitəsinə çevirib. Dəniz nəqliyyatı tarixən yüklərin daşınmasında əsas və iqtisadi cəhətdən sərfəli vasitə olub. Bu səbəbdəndir ki, hər bir dövlət milli donanmasını və liman terminallarını inkişaf etdirməyə, müstəqil milli-xarici ticarət qarantına malik olmağa çalışır. Xarici bazarda nəqliyyat sahəsi üzrə fəaliyyət əhəmiyyətli dərəcədə milli ixrac potensialını artırmağa, dəniz ticarətinin inkişafına və bütövlükdə Azərbaycan iqtisadiyyatının sabitləşməsinə imkan verir.

Çay nəqliyyatı yüksək məhsuldarlığa və nisbətən aşağı maya dəyərinə malikdir, lakin bu nəqliyyat növünün ərazi üzrə universallığı məhduddur. Çay nəqliyyatının əsas çatışmayan cəhəti mövsümilikdir.

Avtomobil nəqliyyatında yük daşımalarının maya dəyəri yüksəkdir. Lakin son illər bütün dünya ölkələrində, həmçinin ölkəmizdə yükdaşımada nəqliyyatın bu növündən  daha geniş istifadə olunur. Buna səbəb isə avtomobil nəqliyyatının daha çevik, unikal manevretmə qabiliyyətinə və daşımaları «qapıdan-qapıya» çatdırma prinsipi ilə yerinə yetirmək imkanına malik olmasıdır. Məhz buna görə də respublikamızda avtomobil yollarının inkişaf etdirilməsinə, texniki-iqtisadi göstəricilərin beynəlxalq normalara uyğun olmasına xüsusi fikir verilir. Bu isə öz növbəsində daşımaların həcminin artırılmasına, iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərir.

Respublikamızda hava nəqliyyatı əsasən sərnişin daşımalarında əhəmiyyətli rol oynayır. Hava nəqliyyatı ilə nisbətən az yük daşınır, bu yüklər qiymətli və təcili çatdırma tələb edən-tibbi preparatlar, tez xarab olan yüklər, qiymətli metallar, poçt və s. yüklərdir.  Bundan  başqa hava nəqliyyatı təhlükəli yüklərin daşınmasında da mühüm rol oynayır.                     

Məhlul (neft və neft məhsulları) və qaz şəkilli məhsulların daşınmasında  ölkə iqtisadiyyatının inkişafında boru kəməri nəqliyyatının da əhəmiyyəti böyükdür. Nəqliyyatın ən ucuz növlərindən biri hesab olunan Boru kəməri nəqliyyatının  inkişafı isə birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır.

Respublikamızın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da nəqliyyat sisteminin inkişafı və iqtisadiyyatda oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Belə ki, muxtar respublikanın qapalı bir ərazi olmasına baxmayaraq, Naxçıvan iqtisadiyyatının inkişafına təsir göstərə bilən nəqliyyatın bir çox növləri - dəmir yolu, avtomobil, hava və boru kəməri nəqliyyatı fəaliyyət göstərir.

Muxtar respublikada istənilən dağlıq ərazilər üçün avtomobil nəqliyyatı çevikliyinə, intensiv yük daşınmasına, rayon mərkəzləri ilə kənd yaşayış məntəqələri arasında iqtisadi əlaqələrin və sosial - iqtisadi inkişafın formalaşmasında, yük əməliyyatlarının yerinə yetirilməsində, son illərdə dünya ölkələri arasında iqtisadi əlaqələrin inkişafında və formalaşmasında mühüm rol oynayır. Muxtar respublikada yeni yolların salınması və körpü tikintisi sahəsində əldə olunan nailiyyətlər ildən-ilə artmaqda, bütün bunlar isə iqtiadiyyatın inkişafına öz müsbət təsirini göstərməkdədir.

Son 30 il ərzində muxtar respublikanın blokada şəraitində olması hava nəqliyyatından daha səmərəli istifadə etmək zərurətini doğurubdur. İndiki şəraitdə muxtar respublikanın bir çox şəhərlər (Bakı, Gəncə, İstanbul, Moskva)  ilə əlaqəsini, həmçinin sərnişin və yük daşınması kimi vacib məsələləri təmin edən hava nəqliyyatı fəaliyyət göstərir. Muxtar respublikanın blokada şəraitində olması ölkə paytaxtı Bakı şəhəri və respublikanın daxili iqtisadi rayonları ilə əlaqələrin yaradılmasında hava nəqliyyatının rolunu artırıbdır. Yaxın gələcəkdə daha təkmilləşdirilmiş yük və sərnişin daşıyıcı hava laynerlərindən istifadə olunması iqtisadi səmərəliliyin yüksəldilməsinə təsir edəcəkdir.

İstehsal və sənaye müəssisələrinin, həmçinin əhalinin yanacağa olan tələbatını ödəmək məqsədilə qonşu İran dövləti vasitəsilə qazın verilməsi boru kəməri nəqliyyatı ilə həyata keçirilir ki, bu da muxtar respublikada boru kəməri nəqliyyatının əhəmiyyətini göstərir.

1990 - cı illərdən başlayaraq erməni işğalçıları tərəfindən Naxçıvana gələn dəmir yolunun ətrafında yerləşən bir sıra rayonların işğal olunması bu dəmir yolunun işinin dayandırılmasına və muxtar respublikanın blokada şəraitində qalmasına, bu isə dəmir yolu ilə yüklərin və sərnişinlərin əsasən muxtar respublika ərazisi daxilində daşınmasının həyata keçirilməsinə səbəb olub. Dəmir yolunun yalnız muxtar respublika daxilində yük və sərnişin daşınma əməliyyatlarını yerinə yetirməsinə baxmayaraq, bunun da sosial-iqtisadi inkişafın formalaşmasında öz müsbət təsiri vardır.                                                       

Azərbaycan ordusunun Vətən müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat isə bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcəkdir. 2020-ci il noyabrın 10-da Azərbaycan - Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə hər birimizin əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapdı. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi təmin ediləcək. Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan - Naxçıvan dəhlizi adlanacaq. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz möhtərəm Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq. Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik  baxımdan çox böyük əhəmiyyətə malik olacaq bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə,  Bakı - Tiflis - Qars dəmir yoluna alternativ ola və hətta onun əhəmiyyətini azalda bilər. Bu baxımdan Mehri dəhlizi və Bakı - Tiflis - Qars dəmir yolu layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcəkdir. Bu gün Mehri üzərindən dəhlizin açılması o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Bu isə nəqliyyatın ən sərfəli yolu olan avtomobil və dəmir yolu ilə yüklərin daşınmasına, bölgədəki dövlətlərdə məşğulluğun artmasına, ümumilikdə bölgə iqtisadiyyatının aktiv inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Beləliklə, nəqliyyat təbii sərvətlərin öyrənilməsində və məhsuldar qüvvələrin ərazi üzrə yerləşməsində, iqtisadi sosial inkişafın bütün sferalarında, həmçinin iqtisadi əlaqələrin formalaşmasında təsərrüfatın ayrılmaz tərkib hissəsi olmaqla, mühüm iqtisadi əhəmiyyət kəsb edir.

                                                                                                    Səyyad Vəliyev  

                          “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının baş müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: