Kəngərli rayonunda torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla seminar-müşavirə keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Nazirliyin əməkdaşları tərəfindən Kəngərli rayonunda əkin sahələrində karantin mənşəli zərərvericilər, alaq otları, siçan və siçanabənzər gəmiricilərlə kimyəvi mübarizə tədbirlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən pestisidlər mülkiyyətçilərə təqdim edilməsi üçün Kəngərli Rayon İcra Hakimiyyətinə təhvil verilib. Torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə keçirilən tarla seminar-müşavirədə pestisidlərin istifadə qaydaları haqqında məlumat verilib. Müşavirədə pestisidlərin norma və nisbətlərə uyğun istifadə edilməsi, təhlükəsizlik qaydalarına riayət olunması izah edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.