Suqovuşanda Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir - "Azərişıq" - VİDEO
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin rəhbəri Araz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Suqovuşan qəsəbəsinə iki dövrəli 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri davam edir: "Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir".
A. Məmmədov bildirib ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir: "35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minimuma enir.
Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib".