Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, 2021-ci ilin I rübü ərzində 310-u yaşa görə, 28-i əlilliyə görə, 99-u ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 437 nəfərə ilk dəfə əmək pensiyası təyin edilib. Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də qeydə alınıb. Belə ki, muxtar respublikada əmək pensiyalarının orta aylıq məbləği 314 manata çatıb,yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 335 manat olub.
Əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi, həmçinin kənd yerlərində yaşayan pensiyaçıların istəklərinə uyğun olaraq pensiyalarını əlavə vaxt itirib rayon mərkəzlərinə getmədən kənd mərkəzlərindəki poçt bölmələrindən rahat şəkildə ala bilmələri üçün müvafiq tədbirlər görülüb. Aprel ayının əvvəlinə muxtar respublika üzrə 613 əmək pensiyaçının pensiyası poçt bölmələri vasitəsilə ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 nəfər çoxdur.
Qeyd edək ki, ümumilikdə 2021-ci ilin I rübü ərzində Fondun büdcəsinin xərclər istiqaməti üzrə pensiya ödənişinin maliyyələşdirilməsinə 46 milyon 810 min 868 manat vəsait yönləndirilib.