Aprelin 25-i "Sahibkarlar Günü"dür - FOTOLAR
Muxtar respublikada sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bütün bunlar isə sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Müstəqil ölkəmizdə bu gün sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ölkə rəhbərinin dediyi kimi: “...Dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.
Böyük uzaqgörənliklə işlənib hazırlanmış və həyata keçirilən iqtisadi inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülmüş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.
Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilmişdir ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1529 layihənin maliyyələşdirilməsinə 169 milyon manatdan çox güzəştli kreditlər ayrılmışdır. Həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.
Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolununun daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vurğuladığı kimi: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün daha geniş imkanlar açmışdır. Belə ki, 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 30 sentyabr tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Bu istiqamətdə tədbirlər 2020-ci ildə də davam etdirilmiş, sаhibkаrlıq subyеktləri “Nəzаrət kitаbçаsı” ilə təmin оlunmuş, xüsusi fəaliyyət növləri üzrə 827 lisenziya, 390 icazə verilmiş, “Qаynаr хətt” vаsitəsilə 5051 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı nazirliyin səlahiyyətləri daxilində həll еdilmişdir.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Muxtar respublikada iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya və ixrac təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. 2020-ci ildə 3 milyon 360 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənədinin, 23 halda ixrac əməliyyatı üzrə 43 min manat məbləğində ixrac təşviqinin ödənilməsi təmin edilmişdir. Ümumilikdə, 2016-cı ildən etibarən 16 layihə üzrə 72 milyon 773 min 113 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənilməsi həyata keçirilmişdir.
Özəl sektor öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda bu məhsulların ixrac potensialı da ilbəil artır. Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları, mineral sular, kapsul preformaları 2020-ci ildə Gürcüstan, Türkiyə, Estoniya, ABŞ, İraq, İran, Türkmənistan, Rusiya, Əfqanıstan, Çin, BƏƏ, Yəmən, Oman Sultanlığı, Belçika Krallığı olmaqla, 12-dən çox ölkəyə ixrac olunmuş, muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatının verilməsi təmin edilmişdir.
Həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Bu gün muxtar respublikada minlərlə sahibkarlıq subyektinin fəaliyyət göstərməsi, xarici iş adamlarına əlverişli mühitin yaradılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötməsi bu siyasətin real bəhrələridir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Bu məqsədlə 2020-ci ildə 138 layihə üzrə istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 42 layihənin icrası davam etdirilmişdir.
Artıq muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 127 növdə, 608 çeşiddə ərzaq, 257 növdə, 925 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 384 növdə, 1533 çeşiddə məhsul istehsal olunur. İstehsal edilən 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaratmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə töhfə verir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifə olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Sahibkarlar cəmiyyətin ən təşəbbüskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da, öz növbəsində, dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər... Bu yolla gedərək, dövlət-sahibkar-işçi münasibətlərində qarşılıqlı inam, hörmət və etibarı daha da möhkəmləndirərək qarşıda dayanan vəzifələrin icrasına nail olmalıyıq”.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti