Azərbaycan MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının növbəti iclasına ev sahibliyi edəcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının növbəti 41-ci iclası, hazırda şuraya sədrlik edən Rusiya Federasiyasının Tikinti və Mənzil-Kommunal Xidmətlər Nazirliyi tərəfindən videokonfrans formatında təşkil edilib. Tədbirdə Azərbaycan Respublikası adından şuraya üzv olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heyəti iştirak edib.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, tikintidə enerjiyə qənaət və bərpaolunan enerji mənbələrindən istifadə, tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaları, şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları müzakirə edilib, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi və digər birgə həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb, müvafiq qərarlar verilib. Həmçinin videokonfransda şuranın Katibliyinin 2016-2020-ci illər üzrə fəaliyyəti haqqında hesabat üzv ölkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb.
Şuranın 40-cı iclasında MDB-yə üzv dövlətlər tərəfindən müştərək qəbul edilmiş qərara və tədbirlər planına əsasən, 2021-ci il “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunur. İclas çərçivəsində təsdiq olunmuş tədbirlər planı ətraflı müzakirə olunub və aprelin 29-da “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın Bakı şəhərində keçiriləcəyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə bir daha çatdırılıb. Bununla yanaşı, ölkəmizdə bu ilin sonunadək “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin də keçirilməsi planlaşdırılır. Plana əsasən, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası şuranın növbəti 42-ci iclası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə ölkəmizdə keçiriləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şura birliyə daxil olan ölkələrdə inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması və tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb və Azərbaycan Respublikasını sözügedən Şurada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmsil edir. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, memarlıq fəaliyyəti, şəhərsalma sənədlərinin işlənməsi, inşaat materiallarının istehsalı, müxtəlif tikinti avadanlığının istehsalı, tikintinin təşkili və digər bu kimi istiqamətləri əhatə edir.