Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu il mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 27 POS-terminal aparatı quraşdırılıb, ümumi POS-terminal aparatlarının sayı 1437-yə çatdırılıb. Bankomat aparatlarının sayı isə 115 ədəd olub. Bu dövrdə nağdsız ödənişləri həcmi 28 milyon 354 min 983 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 164 min 243 manat çoxdur.
Bu ilin ilk üç ayı ərzində özəl sektorda 42 vergi ödəyicisi üzrə 302 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 3 publik hüquqi şəxsin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminalların quraşdırılması təmin edilib.
Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində birinci rüb üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 7 halda maarifləndirici görüşlər keçirilib. 2021-ci ilin fevral ayında nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilib və muxtar respublika üzrə 442 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.