İcra hakimiyyəti orqanlarında çalışan 12 nəfər maliyyə-mühasibat sahəsinin işçisi təlimə cəlb olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində dörd günlük təlim keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə muxtar respublikada fəaliyyət göstərən icra hakimiyyəti orqanlarında çalışan 12 nəfər maliyyə-mühasibat sahəsinin işçiləri cəlb olunub.
Tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, təlimin əsas məqsədi iştirakçılara beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasının nəzəri tərəfləri ilə bağlı biliklərin verilməsi, praktiki biliklərin təkmilləşdirilməsidir. Büdcədən maliyyələşən təşkilatlarda çalışan maliyyə-mühasibat işçiləri üçün nəzərdə tutulan təlimdə büdcə və vergi qanunvericiliyi ilə bağlı modulların, bu qanunvericiliklərin düzgün tətbiq edilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.
Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti” modulu ətrafında Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov çıxış edib.
Təlimin növbəti günü Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırov büdcə təşkilatlarında vergi uçotunun təşkilindən danışıb.
Növbəti təlim büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktiki izahı modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma qaydalarına həsr olunacaq.
Qeyd edək ki, hər təlimin sonunda tədris olunan mövzulara dair qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunur. Təlim aprelin 30-u başa çatacaq.
Adilə Səfərova