Altı ayda Naxçıvanda 195 milyon 675 min kilovat-saat elektrik enerjisi istehsal edilib
İstehsal edilən enerjinin 44,93 faizi su elektrik stansiyalarının, 8,84 faizi isə Günəş Elektrik Stansiyasının payına düşüb
Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində görülən irimiqyaslı işlər öz bəhrəsini verib. Enerji təsərrüfatında müasir infrastruktur yaradılıb, enerjinin hasil olunmasından istehlakınadək yeni texnologiyaların tətbiqinə nail olunub.
NUHÇIXAN xəbər verir ki, hazırda Naxçıvanda enerji təhlükəsizliyi daha çox alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunub. Muxtar respublikanın daxili imkanları hesabına istifadəyə verilən və əksəriyyəti də hidroelektrik stansiyaları və regionda ən böyük Günəş Elektrik Stansiyası olan güc mənbələri əhalinin məişət ehtiyaclarının, eləcə də sənaye və kənd təsərrüfatının tələbatını tam şəkildə ödəməyə imkan yaradıb. 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 meqavat gücündəki Naxçıvan Günəş Elektrik Stansiyası, 4,5 meqavatlıq Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyası, 22 meqavatlıq Biləv, 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” Su Elektrik stansiyaları ilə yanaşı, tikinti işləri davam etdirilən, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyası və texniki-iqtisadi cəhətdən əsaslandırılması aparılan 14 meqavat layihə güclü Tivi və 3,5 meqavat layihə güclü Qazançı Su Elektrik stansiyaları, habelə Culfa rayonu ərazisində tikintisinin texniki-iqtisadi əsaslandırılması aparılan külək elektrik stansiyası muxtar respublikanın enerji potensialının gələcəkdə daha da artması üçün görülən işlərdəndir.
Bu gün Naxçıvan böyük elektrik enerjisi potensialına malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan elektrik stansiyalarının ümumi gücü 239,4 meqavat təşkil edir. 2018-ci ilin altı ayında bu elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin də 44,93 faizi su elektrik stansiyalarının, 8,84 faizi isə Naxçıvan Günəş Elektrik Stansiyasının payına düşüb. Şübhəsiz, tikintisi davam etdirilən və layihələndirilən stansiyaların işə düşməsi ilə gələcəkdə bu güc daha da artacaq. Bunun reallığa çevrilməsi üçün isə muxtar respublikada hər cür təbii, texniki, maliyyə və insan resursları var. Naxçıvan Dövlət Universitetində energetika mühəndisliyi ixtisasının açılması, köhnəlmiş infrastrukturun sürətlə yenilənməsi, uçot sisteminin təkmilləşdirilməsi, enerji istifadəçilərinin smart sayğaclarla təchiz olunması və istifadə olunmuş enerjinin dəyərinin tam ödənilməsi muxtar respublikanın enerji idxalçısından enerji ixracatçısı mövqeyinə gəlib çatmasında əsas amillərdəndir. Müasir Naxçıvan iqtisadiyyatının bu nailiyyəti isə bacarıqlı idarəetmə və görülən işə doğma münasibətlə əldə olunub.