Caspian Energy Club Almaniyadakı fəaliyyətini genişləndirmek məqsədilə “Caspian Energy Germany”da pay iştirakını satışa çıxarıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində “Caspian Energy Germany” alman və ingilis dillərində eyniadlı jurnal dərc etmək hüququnu əldə edir. Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.
“Caspian Energy Germany” Almaniyanın bir sıra şəhərlərində ildə bir neçə dəfə beynəlxalq Caspian Energy Forum təşkil edəcək. “Caspian Energy Germany”, həmçinin hər il Caspian Energy Award Germany, Caspian Business Award Germany və Brand Award Germany beynəlxalq mükafatlarının təqdimetmə mərasimlərini keçirəcək.
Bununla yanaşı, hər ay Almaniyanın fərqli regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin B2G, B2B və B2С formatlarında müxtəlif tədbir və forumlar təşkil olunacaq. Business Tour layihəsi çərçivəsində sahibkarlar Almaniyanın müxtəlif region və müəssisələrinin investisiya imkanları ilə tanış olmaq və ora şəxsən baş çəkmək fürsəti əldə edəcəklər.
Caspian Energy beynəlxalq jurnalı 1999-cu il mayın 28-dən fəaliyyət göstərir və dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası da dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.
20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.