“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə korporasiyanın saytındakı bloqda deyilir.
NUHÇIXAN İnformasiya Agentliyi lenta.ru saytına istinadən xəbər verir ki, əməliyyat sisteminin təqdim edilən versiyası “21H1” və ya “May 2021 Update” adlanır. Yeni əməliyyat sistemi çoxlu yeni funksiyaların mövcudluğu ilə fərqlənməsə də, şirkət nümayəndələrinin sözlərinə görə, mühəndislər tərəfindən ciddi işlər görülüb. “21H1” yeniləməsinin məhsuldarlığı və təhlükəsizliyi təkmilləşdirilib və bu səbəbdən onun quraşdırılması tövsiyə edilir.
Həmçinin qeyd olunur ki, “Windows 10” sisteminin “21H1” versiyasının quraşdırılmasının rəvan və insidentsiz başa çatması üçün ondan istifadə məhdudlaşdırılıb. Bundan əlavə, istifadəçilərə kompüterin əməliyyat sisteminin yeni versiyası üçün uyğunluğunu yoxlamaq tövsiyə olunur.
Yeniləməni fərdi kompüterə quraşdırmaq üçün “Windows yeniləmə mərkəzi”nə daxil olaraq “Yeniləmələrin mövcudluğunu yoxla” düyməsinə basmaq lazımdır. Əməliyyat sistemi mövcud olduğu təqdirdə “Yüklə və quraşdır” funksiyasını seçmək tələb olunur. Məhsulun quraşdırılması müəyyən vaxt aparacaq.