Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 92,7 faizi malların, 7,3 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil edib. Bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Qeyd edək ki, bu ilin ilk rübündə Naxçıvanda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 41 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 4 milyon 700 min manat kredit verilib. İlin ötən dövrü ərzində 41 milyon 613 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.