Mühasibatçılar təkmilləşdirici təlimə cəlb edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən növbəti təlimə start verilib. İki günlük təlimə maliyyə-mühasibatlıq işçiləri cəlb olunub.
Təlimin məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasıdır.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Keçirilən təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun test mərhələsi də keçirilib.
Təlimin ikinci günündə “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının hazırlanma mərhələlərinə dair məlumat verilib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə, iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
Mədinə Rəhimli