“Bakı Metropoliteni” QSC sərnişindaşımanın təşkili və hərəkət qrafiki ilə əlaqədar məlumat yayıb.
QSC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı metrosu əvvəlki qayda əsasında fəaliyyət göstərəcək. Belə ki, Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli Qərarına uyğun olaraq iyunun 5-də saat 00:00-dan iyunun 7-də saat 06:00-dək, iyunun 13-də saat 00:00-dan iyunun 14-də saat 06:00-dək, iyunun 19-da saat 00:00-dan iyunun 20-də saat 06:00-dək, iyunun 26-da saat 00:00-dan iyunun 28-də saat 06:00-dək Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək.
Sərnişindaşıma fəaliyyəti dövründə Bakı metropoliteni normal iş rejimində fəaliyyət göstərəcək. Qatarların hərəkəti, texniki-istismar və normativ tələblərə uyğun olaraq, mümkün optimal hərəkət qrafiki ilə təmin olunacaq. Əlil arabası istifadəçisi olan sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.