Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək
Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərar imzalayıb.
Qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:
- Tikintidə üstəlik xərclərin normativləri;
- Tikintidə smeta gəlirinin normativlərı;
- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;
- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;
- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;
- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.