“Eurasia Review” saytında Azərbaycanın təbii qaz ixracını artırmasına dair məqalə dərc olunub

A- A A+

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasia Review” saytında “Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini tamamladıqdan sonra təbii qaz ixracını artırır” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə günümüzdə təbii qazın iqtisadi və sosial inkişafa aparan vacib amillərdən birinə çevrildiyi yazılıb. Qeyd edilib ki, təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi, enerji baxımından zəngin bölgələrə çıxışın və enerji bazarlarına etibarlı qaz ixracının təmin edilməsi qaz istehsalçıları və istehlakçılarının əsas hədəfləridir.

Müəllif yazır ki, Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü bərpa etməsi və Cənub Qaz Dəhlizinin Avropa ayağı olan Trans-Adriatik Boru Kəmərini (TAP) tamamlaması ilə 2020-ci il ölkə üçün ən dinamik və əlamətdar il olub: “Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın enerji infrastrukturuna qarşı erməni hücumları TAP layihəsinin reallaşmasına mane ola bilmədi. Bununla da ilk Azərbaycan qazı 2020-ci il dekabrın 31-də Avropaya nəql edilməyə başlandı. TAP boru kəməri Avropanın enerji təhlükəsizliyi və dekarbonizasiya səylərini dəstəklədiyi üçün çox strateji bir layihədir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin tamamlanması Azərbaycanın müxtəlif enerji bazarlarına təbii qaz tədarük etməsinə və eyni zamanda, Xəzər regionundakı mövqeyinin möhkəmlənməsinə imkan yaratmış oldu. Bundan başqa, təbii qaz ixracı Azərbaycanın enerji gəlirlərinə müsbət təsir göstərir, çünki COVID-19 pandemiyasının baş verməsi qlobal enerji bazarlarına mənfi təsir edib. Belə ki, Azərbaycan da “OPEC+” razılaşması çərçivəsində neft hasilatını azaldıb”.

Şahmar Hacıyev vurğulayır ki, təbii qaz layihələri Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə təkan verib. Onun sözlərinə görə, Türkiyə və digər tərəfdaşlarla sıx əməkdaşlıq Xəzər qazının birbaşa Avropa enerji bazarlarına çatdırılmasına şərait yaradıb. “Hazırda Azərbaycan təbii qaz gəlirlərindən ikinci Qarabağ müharibəsindən sonra azad edilmiş bölgələri bərpa etmək və inkişaf etdirmək üçün istifadə edəcək. Azərbaycan artıq azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb, bu səbəbdən təbii qaz gəlirlərinin artması gələcək sosial-iqtisadi sabitlik üçün əhəmiyyətli olacaq”, - deyə müəllif qeyd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: