Ermənistanla 44 günlük müharibə nəticəsində əldə olunan razılaşma əsasında Qarabağ tam azad edildikdən sonra yeni nəqliyyat xətləri sayəsində iqtisadi dirçəliş dövrü başlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Anadolu agentliyinin ingilis dilində yaydığı “Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında yeni bir əlaqə təmin edəcək” sərlövhəli məlumatda əksini tapıb.
Məlumata əlavə edilmiş infoqrafika məsələnin əsl mahiyyəti barədə ictimaiyyətdə aydın təsəvvür yaradır.
Diqqətə çatdırılır ki, ötən dövrdə Prezident İlham Əliyevin bir neçə dəfə haqqında bəhs etdiyi Zəngəzur nəqliyyat dəhlizi hazırda ön plana çıxıb.
Məlumat verilir ki, Azərbaycanın tərkib hissəsi olan Zəngəzur qəzası sovetlər tərəfindən Ermənistana verilib və bunla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi kəsilib. Diqqətə çatdırılır ki, bu dəhlizlə dəmir yolu əlaqəsinin bərpası başa çatdıqdan sonra Azərbaycana, Naxçıvana, İrana və Ermənistana qatarlar fasiləsiz hərəkət edəcək. Həmin dəmir yolu, eyni zamanda, Azərbaycandan keçməklə Türkiyəni Rusiya ilə birləşdirəcək. Vurğulanır ki, bu dəhliz bölgənin iqtisadiyyatını, eləcə də Çinin “Bir Kəmər və bir yol” layihəsini canlandırmaq üçün önəmli layihədir.