Təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dəyəri 1000 manatdan yuxarı hədiyyəyə sahib olan fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.
Belə ki, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilib. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Vergi Məcəlləsinə uyğun olaraq, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 min manatadək olan hissəsi isə gəlir vergisindən azaddır.