Xoş məram olarsa Cənubi Qafqazda nəqliyyat yolları işə salınar, ticarət inkişaf etməyə başlayar, hər iki tərəfin iqtisadiyyatı inkişaf üçün yeni güclü təkan alar, insanların rifahı yaxşılaşar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya RF hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. O əlavə edib ki, belə xoş məram mövcuddur.
A.Overçuk xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı əsasında üç ölkənin baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. İşçi qrupuna regionda iqtisadi və nəqliyyat əlaqələrinin yenidən işə salınması ilə məşğul olmaq tapşırılıb.
O deyib: “Lap əvvəldən biz həmkarlarımızla razılığa gəldik ki, sağlam düşüncəyə əsaslanan yanaşma seçəcəyik. Azərbaycan və Ermənistan arasında münasibətlər çox mürəkkəbdir, çoxtəbəqəlidir, tarixin dərinliklərinə gedib çıxır. Çoxları dəhşətli faciə yaşayıb, doğma evlərini tərk edib, ən yaxın adamlarını itiriblər. Bu barədə xatirə həmişə qalacaq. Bu gün elə etmək lazımdır ki, bədbəxtlik yenidən insanlara qayıtmasın. Bundan ötrü yaraları sağaltmaq, bir-biri ilə ünsiyyət qurmağı öyrənmək və ümumi dinc gələcəyin yaradılması üzərində birgə işləmək lazımdır”.
A.Overçuk qeyd edib ki, Rusiyaya yaxın və dost olan Azərbaycan və Ermənistan qonşu olublar və yenə də olacaqlar. Baş nazirin müavini deyib: “Orada yaşayan insanlar sülh şəraitində yaşamaq, uşaqları böyütmək və nəvələrə baxıb fərəhlənmək istəyirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin yenidən işə salınması barədə danışıqların bütün iştirakçıları məhz bunu əsas götürürlər. Hamı öz xalqları üçün yaxşı həyat qurmaq istəyir. Rusiya bu işdə onlara kömək edir”.
RF Baş nazirinin müavini xatırladıb ki, komissiya Ermənistan ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat yollar açılmasının mümkünlüyünü nəzərdən keçirir. Bununla yanaşı, Ermənistandan Rusiyaya Azərbaycan ərazisi ilə, yaxud da Naxçıvan vasitəsilə Ermənistandan və Rusiyadan İrana hərəkətin başlanması məsələləri eyni vaxtda həll edilir. Bundan başqa, Ermənistan üçün Mərkəzi Asiya ölkələrinə və Mərkəzi Asiya ölkələrindən Ermənistana yüklərin daşınması üçün Xəzər dənizində olan Azərbaycan limanlarından istifadə etmək fürsəti yaranacaq.
A.Overçuk qeyd edib ki, işçi qrupu çərçivəsində Azərbaycanı və Ermənistanı birləşdirən bütün mümkün dəmir yolu və avtomobil marşrutları tədqiq edilib və bu ekspert fəaliyyətinin yekununa görə tərəflər nəqliyyat yolunun yenidən işə salınması üçün bundan sonra atılacaq addımları nəzərdən keçirə biliblər. “Bütün beynəlxalq normativ-hüquqi aktların inventarlaşdırılması aparılır. Hər şeydən əvvəl bu, Müstəqil Dövlətlər Birliyinə aiddir. Çünki Ermənistan da, Azərbaycan da bu Birliyə daxildir. İş elə gətirib ki, hər dəfə hansısa çoxtərəfli sazişlər imzalanan zaman Ermənistan və Azərbaycan nümayəndələri bir-birinə münasibətdə qeyd-şərtlər edir ki, bunlar da həmin sazişlərin qüvvəsinin əks istiqamətlərə genişlənməsini istisna edir. İki ölkə arasında nəqliyyat yollarının fəaliyyətinə mane olan belə qeyd-şərtlər aradan qaldırılmalıdır”, - deyən A.Overçuk əlavə edib ki, bütün həll yolları tapılarsa, o halda yolların bərpasına başlamaq və sonra nəqliyyat yollarını yenidən işə salmaq olar.