"Bankçılıqda ilk addım və sığortanın mahiyyəti" təlimini uğurla başa vuran tələbələrə sertifikatlar verilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətlərinin birgə təşkilatçılığı ilə tələbələr üçün təşkil olunan “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusundakı təlim başa çatıb.
Naxçıvan Gənclər Mərkəzində bu münasibətlə keçirilən tədbirdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, təlimə Naxçıvan Dövlət Universitetindən və “Naxçıvan” Universitetindən 15 fəal tələbə seçilib. Tələbələr “Naxçıvanbank"ın və “Naxçıvansığorta"nın müxtəlif şöbə və departamentlərində keçirilən layihələrdə və bank əməliyyatlarında iştirak ediblər. Tələbələr cəmiyyətlərin təcrübəli əməkdaşları tərəfindən müxtəlif mövzularda məlumatlandırılıb və verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Onlardan 4-ü xüsusi fəallıq göstərdiklərinə görə təcrübələrini fərqlənmə sertifikatı ilə başa vurublar.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası, tələbələr müvafiq hami təşkilatlarda praktiki biliklərə yiyələnməsi onların gələcək iş həyatında, peşəkar mütəxəssis kimi yetişməsində mühüm rol oynayır. “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətləri tərəfindən keçirilən bu təlimlər də bu baxımdan uğurlu layihələrdir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsini icra edən Tural Ələkbərov təlimin əhəmiyyətindən danışaraq tələbələrə uğurlar arzulayıb.
Tələbələrdən Aytən İmanova və Yunus Nəsibli yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda imtahan mərhələsini müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar, fərqlənmə ilə başa vuran tələbələr isə sertifikat və hədiyyələr təqdim olunub.
Novruz Məmmədov