Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib
İşğaldan azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanının tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Qərar imzalayıb.
Qərara əsasən, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq olunub. Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il yanvarın 1-dək qüvvədədir.