İğdır-Naxçıvan arasındakı dəmiryolu xəttinin Türkiyə sərhədləri daxilindəki hissəsi olan Kars-İğdır-Aralık-Dilucu dəmiryolu layihəsinin hazırlıq işləri 2020-ci ilin sonunda tamamlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Trend-ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
O qeyd edib ki, 224 kilometr uzunluğa malik, altı stansiya, cüt xətlər və elektrik siqnalları ilə təchiz edilmiş bu dəmiryolu xəttində daşımalar saatda 160 kilometr sürətlə həyata keçiriləcək. Bu dəmiryolu vahid bir xətt kimi tanınan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu və inşası davam edən Qars Logistika Mərkəzi ilə birlikdə Orta Dəhlizi tamamlayacaq bir yoldur:
“Dəmiryolunun inşasının yekunlaşması ilə Çin, Hindistan, Pakistan və İrandan Avropaya və limanlarımıza ciddi həcmdə axını olacaq. Nəqliyyat sistemində Türkiyənin əsas onurğa sütunu olan şərq-qərb dəhlizində (Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozgat-Sivas-Erzincan-Ərzurum-Qars) İran və Naxçıvanla əlaqələrin qurulması ilə ölkəmizin maddi-texniki əhəmiyyətini artıracaq. Aqrar region olan İğdırda dəmir yolunun olması Sivas-Ərzincan-Ərzurum-Qars dəmir yolunun önəminə ciddi şəkildə müsbət təsir edəcək. Layihənin həyata keçirilməsi üçün araşdırma və texniki iqtisadi əsaslandırma üçün 2020-ci il fevralın 25-də Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb".
Nazirin sözlərinə görə, inşaat xərcləri təxminən 1,2 milyard dollar olan layihə 2021-ci il İnvestisiya Proqramına daxil ediləcəyi təqdirdə tenderə çıxarılacaq. Qarsdan başlayan dəmiryolu xəttinin İğdırdan keçərək Araklı və Dilucu sərhəd nəzarət buraxılış məntəqəsinə qədər davam edəcəyi nəzərdə tutulur:
“Hazırda Dilucu sərhəd nəzarət buraxılış məntəqəsindən Naxçıvanın Sədərək rayonuna qədər olan 7 kilometrlik ərazidə dəmiryolu xətti yoxdur. Burada dəmiryolunun inşası və şərtləri tərəflər arasında razılaşma yolu ilə həllini tapacaq”.