Muxtar respublikada iyulun 15-dən soyuducu anbarlara məhsul qəbul olunacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılacaq.

Bu il meyvə və tərəvəz məhsullarının tədarükü 27 soyuducu anbar tərəfindən həyata keçiriləcək. Məhsul tədarükü Naxçıvan şəhərində “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyətləri, Şərur rayonunda 20, Ordubad rayonunda 2, Kəngərli rayonunda 1, Babək rayonunda 1, Sədərək rayonunda isə 2 anbar tərəfindən təmin olunur.

Soyuducu anbarlara qəbul olunan məhsulların qiymətlərinə gəldikdə isə  1-ci növ kartof 40, 2-ci növ kartof 25, 1-ci və 2-ci növ qarışıq kartof isə 30 qəpiyə, 1-ci növ soğan 35, 2-ci növ soğan 25, 1-ci və 2-ci növ qarışıq soğan 30 qəpiyə, 1-ci növ alma 80, 2-ci növ alma 50, 1-ci və 2-ci növ qarışıq alma 60, kələm 30 qəpiyə qəbul edilir. Digər məhsullar isə mövsümə və məhsulun tam yetişməsinə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən meyvə və tərəvəz məhsullarının nəğd alınaraq tədarük olunmasının istehsalçıların fəaliyyətini stimullaşdırması ilə yanaşı, əkin sahələrinin genişləndirilməsində də böyük əhəmiyyəti var. Hazırda muxtar respublikada ümumi tutumu 19 min 700 ton olan 46 soyuducu anbar  fəaliyyət göstərir. Anbarlara tədarük edilən məhsulu soyuducu kameralarda uzun müddət saxlamaq mümkündür. Bu isə nəinki qışda, hətta erkən yazda belə qiymət artımının qarşısının alınmasına öz təsirini göstərir. Bir sözlə, soyuducu anbarlar bəhs edilən dövrdə daxili bazarı keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, xaricdən idxalın azalmasına, ixracın isə artmasına, qiymət artımının qarşısının alınmasına münbit şərait yaradır. Soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə bu obyektlər istehsalçılara icarəyə də verilir.

                                                                                 Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: