Naxçıvanda tutumu 800 ton olan yeni soyuducu anbar istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni soyuducu anbarı istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, müasir dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biridir. Məhz buna görə də muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı iqtisadi strategiyanın əsas komponenti kimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə qəbul edilən mühüm dövlət proqramları ilə konkret inkişaf istiqamətləri müəyyənləşdirilir. Ötən dövr ərzində bu sahədə kompleks tədbirlər görülüb, yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının göstərilməsi, istehsal olunan məhsulların saxlanması və satışının təşkilinə şərait yaradılması, yeni satış bazarlarının təşviqi bu sahədə iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırıb.
Tapdıq Əliyev qeyd edib ki, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən il soyuducu anbarlara 7 min 256 ton kartof, 380 tona yaxın soğan və kələm, 536 ton alma, 150 ton üzüm olmaqla ümumilikdə 8 min 700 ton meyvə-tərəvəz məhsulları tədarük olunub. Ötən tədarük dövrü ərzində İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən 1100 tondan artıq kartof, 287 ton soğan, 19 ton alma məhsulları nağd alınaraq tədarük olunub. Bütün bunlar yerli istehsalçıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsinə də öz təsirini göstərib.
Nazirliyin şöbə müdiri Xudakərim Məmmədov İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılacağını, bu il meyvə və tərəvəz məhsullarının tədarükünün 27 soyuducu anbar tərəfindən həyata keçiriləcəyini vurğulayıb.
Bildirilib ki, bu gün istifadəyə verilən soyuducu anbarla birlikdə “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC-nin soyuducu anbarlarının sayı 3-ə, ümumi tutumu isə 2 min 350 tona çatdırılıb. Hazırda muxtar respublikada ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar fəaliyyət göstərir.
Daha sonra soyuducu anbara baxış olub. Diqqətə çatdırılıb ki, müasir standartlara cavab verən və ümumi tutumu 800 ton olan yeni soyuducu anbar 4 kameradan ibarətdir. Kameralarda temperatur mənfi 18 dərəcədən müsbət 18 dərəcəyədək tənzimlənib ki, bu da kartof və soğan məhsullarının saxlanılmasına imkan verəcək. Anbarı fasiləsiz enerji ilə təmin etmək məqsədilə binanın ətrafında müasir tranformator və generator quraşdırılıb.
İqtisadiyyat naziri yeni yaradılan soyuducu anbarda məhsulların keyfiyyətinə, saxlanma temperaturuna, həmçinin itkiyə nəzarətin gücləndirilməsinə və zamanında satışın təmin edilməsinə xüsusi diqqət çəkib.
Ərhan Novruzov