OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi OPEC-ə istinadla xəbər verir ki, iclasın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, iclas dünən keçirilməli idi və “OPEC+” ölkələrinin avqust ayında istehsalın hansı həcmdə artırılacağını müzakirə etməsi nəzərdə tutulurdu.
İyulun 1-də “OPEC+” nazirlərinin toplantısı olub, lakin fikir ayrılıqları səbəbindən neft hasilatına dair hər hansı qərar qəbul edilməyib və iclas bu günə təxirə salınıb. İclasda Birləşmiş Ərəb Əmirlikləri danışıqlarında özü üçün daha yaxşı şərtlər istəyib. Bu da digər ölkələr tərəfindən müsbət qarşılanmayıb. Həmin gün OPEC Konfransının 181-ci toplantısı da videokonfrans formatında keçirilib.
Ekspertlər “OPEC+”un qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.
Bəzi analitiklərin fikrincə isə, fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.
Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.