Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür - FOTOLAR
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar muxtar respublikada ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb, onların öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, kompost və torf istehsalı sahəsinin yaradılması məqsədilə 34 ailə təsərrüfatına 519 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatları 2100-dən artıq 27 çeşiddə tara ilə təmin olunub.
Hazırladıqları məhsulları özlərinə məxsus brend adı altında satışa çıxarmaları ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda 55 ailə təsərrüfatının 19 növdə 87 çeşiddə məhsulunun nümayişi təmin olunub. Şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşid və rəqabət qabiliyyətinin stimullaşdırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayıb.
Ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını zərurətə çevirib, bu məqsədlə Naxçıvan şəhərindəki Mərkəzi bazarda hər həftənin şənbə və bazar günləri ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların sаtışı yаrmаrkаsı təşkil olunur. Cari ilin ötən dövrü ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satış yarmarkası da bu sahə ilə məşğul olan ailə təsərrüfatçıların məhsullarını vaxtında və əlverişli satmalarına şərait yaradıb.
İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə mütəmadi olaraq nəzarət edilir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində ailə təsərrüfatlarında hazırlanan 178 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizləri aparılıb, nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
Bundan sonrakı illərdə də muxtar respublikada fəaliyyət göstərən fermer və ailə təsərrüfatlarının ixtisasına uyğun kiçik, orta və irihəcmli əkinçilik, heyvandarlıq, süd emalı, bağçılıq, balıqçılıq və digər istehsal sahələri üzrə layihələrin hazırlanması, onlarla birlikdə həmin layihələrin təqdimatının keçirilməsi və dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində görüləcək tədbirlər həm istehsal edilən məhsulların həcminin, həm də keyfiyyətinin dəyişilməsinə səbəb olacaq, eyni zamanda, bu sahə üzrə ixtisaslaşmış yeni ailə təsərrüfatları yaradılacaq.