İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək - Şərh

A- A A+

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsünü şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn AZƏRTAC-a bildirib ki, indiyədək Azərbaycanda 10 iqtisadi rayon mövcud olub. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 14-ə çatdırılıb: “Əlbəttə ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir. Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb”.

R.Hüseyn vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Fərmanda da göstərilir ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Həmçinin sözügedən Fərmanda Qarabağa vahid yanaşma var, yəni dağlıq və aran Qarabağ bir götürülür. Qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

İcraçı direktorun müavini Gəncə–Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılmasının da günün tələbi olduğunu deyib: “Diqqət yetirsəniz, görərsiniz ki, Fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasının zəruriliyi vurğulanır. Onun üçün də Gəncə–Qazax iqtisadi rayonunun əvəzinə Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) və Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) yaradılıb. Ölkənin ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunun da tərkibinə yenidən baxılıb və 3 iqtisadi rayon - Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) yaradılıb”.

R.Hüseyn qeyd edib ki, iqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir. Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək, xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq.

Məlumat üçün bildirək ki, Bakı iqtisadi rayonu (Bakı şəhəri) da formalaşdırılıb. Digər iqtisadi rayonların - Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) tərkibi isə dəyişməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: