Yeni bölgü siyasəti: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları niyə yaradıldı?

A- A A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. Mütəxəssislər iqtisadi rayonların çoğrafi baxımdan fərqlənməsi ilə yanaşı, eyni zamanda bu addımın rayonların iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verəcəyini deyirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov jurnalistlərə açıqlamada deyib ki, yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir. Biz iqtisadi rayonların sırasında yeni adları - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı, yeni təsnifatda isə Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda təmsil olunacaq.

- Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Əvvəlki təsnifata uyğun olaraq, Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat, o cümlədən, Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb.

Vüqar Bayramov deyir ki, Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Şərqi Zəngəzur iqtisadi rayonuna gəldikdə isə deputat bu bölgənin strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
- Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. Ermənistanın işğalından qurtarılan bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın reallaşdırılmasına imkan verəcək.

Qeyd edək ki, Bakı iqtisadi rayonu (Bakı şəhəri) da formalaşdırılıb. Digər iqtisadi rayonların - Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) tərkibi isə dəyişməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: