Avrasiya İqtisadi Zirvə toplantısında Zəngəzur dəhlizinin açılmasının və Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti müzakirə olunub - FOTOLAR
Azərbaycanın dəstəyi və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə toplantısının ikinci iş günündə dünyada nəqliyyat dəhlizləri və yolların qurulması, onun əhəmiyyəti mövzusu müzakirə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Məlumat və əməkdaşlıq yaratmaq” devizi ilə keçirilən dəyirmi masada rəsmi şəxslər, səfirlər, Türkiyədə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri və məsul şəxslər çıxış ediblər.
Müzakirələrdə əsasən nəqliyyat və kommunikasiyanın inkişaf və tərəqqiyə təsir imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışında Azərbaycanın nəqliyyat və kommunikasiyanın sahəsində əldə etdiyi uğurlara, dövlətimizin bu sahədəki dəyişməz siyasətinə geniş yer ayıran ölkəmizin Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva diqqətə çatdırıb ki, Böyük Vətən müharibəsində Azərbaycanın qazandığı rəşadətli Qələbədən sonra bölgədə yeni əməkdaşlıq situasiyası yaranıb. Diplomat diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycanın digər bölgələri ilə ölkəmizin tərkib hissəsi olan Naxçıvan arasında əlaqələrin bərpası layihəsi deyil, eyni zamanda, Xəzər və Aralıq dənizi hövzələrində, daha geniş masştabda isə böyük bir coğrafiyanın bir-birinə bağlanmasına xidmət edəcək. Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun inkişafını təmin etməyi, nəqletməni genişləndirməyi qarşısına məqsəd qoyub. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Ələt qəsəbəsində belə bir zonanın yaradılması Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafı üçün böyük perspektivlər vəd edir.
Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri - Qazaxıstanın təmsilçisi Abzal Saparbekulı, Çin səfiri Liu Shaobin, Əlcəzair səfiri Mourad Adjabi, Çində fəaliyyət göstərən Milli Qovşaq və Yol Akademiyasının dekanı, professor Xu Qinhua və başqaları mövzu ətrafında fikir və düşüncələrini paylaşıblar.
Zirvə toplantısı çərçivəsində təşkil olunan panellər iyulun 9-da başa çatacaq.