Muxtar respublikada sürətli poçt xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən karqo şirkətlərinin nümayəndələri ilə növbəti görüş keçirilib.

Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Karqo şirkətləri tərəfindən gömrük məqsədləri üçün məlumatların elektron qaydada təqdim olunması tələbi ilə bağlı işlərin sentyabr ayının 1-nə qədər başa çatdırılmasının zəruriliyini vurğulayan komitə sədri lisenziyasız fəaliyyətə yol verilməməsi üçün nəzarət tədbirlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sürətli poçt göndərişlərində göndərilməsinə icazə verilən, həmçinin göndərilməsi qadağan olunan mallar, sürətli poçt göndərişlərinin qablaşdırılması, göndərilən malların qəbul edilməsi, çatdırılması, sürətli poçt göndərişlərinə dair məlumatların əldə edilməsinə dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalıdır.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev qeyd edib ki, sürətli poçt xidmətlərinin Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsi etibarlı və təhlükəsiz xidmətlərin göstərilməsini təmin edib, bu sahədə məmnunluq səviyyəsi xeyli yüksəlib. Müxtəlif şəhər və rayon mərkəzlərində yeni-yeni karqo məntəqələrinin fəaliyyətə başlaması sürətli poçt xidmətlərinin əhatə dairəsini genişləndirib, insanların rahatlığı təmin olunub.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən sürətli poçt göndərişləri gömrük nəzarəti və rəsmiləşdirilməsi üçün gömrük orqanlarına düzgün bəyan olunmalı, sürətli poçt göndərişlərində qanunvericiliklə qadağan olunan mallar aşkar olunduqda bu barədə gömrük orqanları dərhal xəbərdar edilməlidir. Sürətli poçt göndərişlərinin qablaşdırılması onların gömrük orqanları tərəfindən tez və asanlıqla yoxlanılmasına çətinlik törətməməlidir. Sözügedən qaydalarda nəzərdə tutulmuş sürətli poçt xidmətlərinin göstərilməsi barədə tələblərin pozulmasına görə lisenziya verilmiş qurum qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: