Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin birinci yarısı ərzində görülmüş işlər müzakirə olunub. Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.

Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri görülüb. Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki kinoloji xidmətin iş şəraiti daha da yaxşılaşdırılıb.

Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, gömrük müayinələri və rəsmiləşmələr sürətləndirilib. Qlobal mövqetəyinetmə sistemi olan GPS-lərdən geniş istifadə ilə yük nəqliyyat vasitələrinə və onların daşıdığı yüklərə nəzarət daha da gücləndirilib, saxta valyutanı müəyyənləşdirən müasir yoxlama qurğularının alınması ilə gömrük orqanlarında bu sahəyə diqqət artırılıb. Gömrük müayinəsinin keyfiyyətini artırmaq məqsədilə yeni videoskop və baxış aynaları alınıb.

Komitə sədri qeyd edib ki, hesabat dövrü ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması  üçün müəyyən olunmuş 12 milyon 798 min manata qarşı, 14 milyon 275 min manat vəsait toplanaraq proqnoz-tapşırığa 111,5 % əməl edilib. 

Muxtar respublikada dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə  60 ölkə ilə ticarət əməliyyat aparılıb, ixracın həcmi 57,8 % artıb. İxrac əməliyyatları əsasən İran İslam Respublikası, Gürcüstan Respublikası, Yəmən Respublikası, Əfqanıstan Respublikası, Polşa Respublikası, İtaliya Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikası ilə həyata keçirilib.

Vurğulanıb ki, 2021-ci ilin muxtar respublikamızda “İxrac ili” olması ilə əlaqadar ixrac olunan bütün malların güzəştli formada rəsmiləşməsi təmin edilib, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilib, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib. Dövlət Proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci  sessiyasında Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən də danışan Komitə sədri daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasının nəzarətdə saxlanılacağını qeyd edib.

Kollegiya iclasında Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi  bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Audit bölməsinin böyük inspektoru, gömrük xidməti mayoru Yaqub Əliyevin aparılmış audit yoxlamalarının nəticələri barədə məruzələri, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovniki Namiq Şıxəliyevin Birliyin 2021-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Kollegiya iclasına yekun vuran komitə sədri ölkəmizdə müəllifi ümummilli liderimiz Heydər Əliyev olan inkişaf, sabitlik və rifahın möhkəmləndirilməsinə töhfə verilməsi, gömrük xidmətinin keyfiyyətinin  yüksəldilməsi üçün bundan sonra daha səylə çalışılacağını bildirib.

Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: