Bununla bağlı Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, ötən yarımildə mövcud rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 57 POS-terminal aparatı quraşdırılıb, bununla da ümumi POS-terminal aparatlarının sayı 1467-yə çatdırılıb, bankomat aparatlarının sayı 115, ödəniş terminallarının sayı 97 ədəd təşkil edib.
Həmçinin POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahibləri ödəniş kartları ilə təmin edilib, 393 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 181586 manat, həmçinin 970 vergi ödəyicisi tərəfindən isə öz şəxsi kartları (şəxsi istifadə, birkart, təqaüd və s. kartlar) vasitəsilə 339074 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
Bu dövrdə nağdsız ödənişlərin həcmi 56 milyon 188 min 728 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 905 min 381 manat çoxdur.
2021-ci ilin birinci yarımilində özəl sektorda çalışan işçilərin əmək haqlarının nağdsız formada ödənişini təmin etmək üçün 47 vergi ödəyicisi üzrə 333 işçiyə plastik (ödəniş) kartlar təqdim olunub.
2021-ci ilin fevral ayında nağdsız ödənişlərin həcminin artırılması məqsədilə, kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilib və muxtar respublika üzrə 442 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, cari ilin birinci yarımilinin nəticələrinə uyğun olaraq növbəti tirajda daha çox nağdsız əməliyyat həyata keçirən vətəndaşların mükafatlandırılması nəzərdə tutulub.