1 iyul 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 95514-ə çatıb. Bu tarixə quraşdırılmış POS-terminalların sayı isə 1467-yə çatdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ötən yarımilin yekunları ilə bağlı yaydığı hesabatda bu barədə bildirilir. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 56 milyon 188 min 728 manat təşkil edib. Bu da bir il öncəki göstəricidən 39,5 faiz çoxdur.
Həmçinin bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 107 milyon 739 min manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 26,2 faiz çoxdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.