Dövlət Proqramının icrası yeni perspektivlərə yol açır

A- A A+

Naxçıvan Muxtar Respublikasında dayanıqlı sosial-iqtisadi inkişaf tempinin qorunub saxlanılmasında icrası uğurla həyata keçirilən dövlət proqramlarının mühüm əhəmiyyəti vardır. Bu proqramlar çərçivəsində böyük inamla reallaşdırılan kompleks tədbirlər Naxçıvanda sosial-iqtisadi inkişafın davamlılığının möhkəmlənməsini təmin edir. İcrası davam edən proqramlar içərisində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın xüsusi yeri vardır. Proqramın icrası ilə bağlı ötən müddətdə görülən işlər muxtar respublikanın hərtərəfli inkişafını təmin etmiş, əhalinin sosial rifahının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Həyata keçirilən tədbirlərin ikinci rübdə də uğurla davam etdirilməsi Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm təməllər üzərində dayandığını bir daha sübuta yetirmişdir.

Sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirləri çərçivəsində mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Süni Mayalanma Mərkəzi istifadəyə verilmişdir. Həmçinin Ali Məclisin Sədri iyunun 9-da Duzdağda yeni şaxtanın istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmişdir. İkinci rübdə Proqramın icrasına uyğun olaraq Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın və Şərur Sənaye Məhəlləsində 3 korpusun tikintisi davam etdirilmişdir. Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 2 soyuducu anbarın, 1 tikiş, 1 mebel istehsalı sahəsinin, 3 istixana, 4 arıçılıq, 1 tingçilik, 1 bağçılıq, 13 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 mebel istehsalı sahəsinin, 1 istixana, 1 arıçılıq, 1 bağçılıq və 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Bu dövrdə aqrar sahə üzrə 805 sığorta müqaviləsi bağlanmışdır. Ümumilikdə 8 ailə təsərrüfatına və 10 istehsal müəssisəsinə istehsal etdiyi məhsulların etiketlərində məlumatların orfoqrafik qaydalara, saxlama şəraiti və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsi məqsədilə metodiki köməklik göstərilmiş, ailə təsərrüfatları 27 adda 956 tara ilə təmin olunmuşdur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 574 min 800 manat dəyərində 54 texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmış, 1 milyon 217 min 490 manat dəyərində 118 texnika və texnoloji avadanlığın güzəştli şərtlərlə satışı təşkil edilmişdir. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında 52 fiziki və hüquqi şəxslə ümumi dəyəri 740 min 634 manat olan 67 kənd təsərrüfatı avadanlığının icarəyə verilməsi ilə bağlı lizinq müqavilələri bağlanmışdır.

Muxtar respublikada sosial-iqtisadi həyatın əsas sütunlarından birini nəqliyyat sektoru təşkil edir. Bu sahənin inkişafı əhalinin rahatlığının təmin edilməsi ilə yanaşı, daxili və xarici iqtisadi əlaqələrin genişlənməsinin də başlıca şərtlərindəndir. Proqramda nəzərdə tutulan yol təsərrüfatı və nəqliyyatın inkişafı tədbirləri ikinci rübdə də davam etdirilmişdir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq və Culfa-Ordubad magistral avtomobil yolunun açılışı ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişlər. İyunun 3-də Ali Məclis Sədrinin iştirakı ilə Şərur şəhərində avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilmişdir. İkinci rübdə Xanlıqlar - Şərur şəhəri - Yengicə - Şəhriyar - Kürçülü - Kərimbəyli - Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi davam etdirilmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 11 dəfə texniki baxışdan keçirilmiş, 7 dəfə cari təmir işləri aparılmışdır. Culfa İstismar Vaqon Deposunda 57 vaqon təmir edilmişdir. Yararsız vəziyyətdə olan 2 min 381 ağac şpal yeni və yarım-yararlı şpallarla əvəz olunmuş, rels dövrələrində yarana biləcək nasazlıqların vaxtında qarşısının alınması məqsədilə 192 dəmir altlıq  dəyişdirilmişdir. Həmçinin Naxçıvan Rabitə Qovşağının anbar binasında təmir işləri başa çatdırılmış, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, Nəzarət Ölçü Cihazları Sexi, Culfa İstismar Vaqon Deposu, Dərəşam-Nehrəm mənzilinin 433-cü kilometrindəki Təhlükəsizlik Komandası, Şərur Dövriyyə Deposu və Şərur Elektrik Təmas Şəbəkəsinin yerləşdiyi binalarda təmir və yenidənqurma işləri davam etdirilmişdir. Həyata keçirilən tədbirlər nəqliyyat sektorunda irimiqyaslı layihələrin icrasının yüksək peşəkarlıqla təmin edildiyini, eləcə də mövcud infrastrukturun qorunmasının diqqət mərkəzində olduğunu deməyə əsas verir.  

Naxçıvanda həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin mərkəzində insan amili dayanır. Görülən işlər bir tərəfdən yeni iş yerlərinin açılması ilə əhalinin maddi rifahının daha da yaxşılaşmasına, digər tərəfdən sosial qayğıya ehtiyacı olanların və şəhid ailələrinin yeni mənzillərlə təmin olunmasına şərait yaradır. İkinci rübdə mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri davam etdirilmiş, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanışlıq üçün keçirilən tədbirdə iştirak etmişlər. Ali Məclisin Sədri iyunun 3-də Şərur rayonunda Bayraq Meydanının, Şərur şəhərində yeraltı piyada keçidinin və yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, Avtovağzal binasının tikintisi üçün görülən işlərlə maraqlanmışdır. İkinci rübdə Naxçıvan şəhəri və Babək rayonlarında yerləşən şəhidlər xiyabanları, eləcə də Naxçıvan şəhərindəki Bayraq Meydanı, Nikah Evi, Dövlət İmtahan Mərkəzi və Statistika Komitəsinin inzibati binalarında təmir işləri başa çatdırılmışdır. Dövlət Proqramında əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillərin tikintisinin davam etdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Ali Məclis Sədrinin iştirakı ilə iyunun 26-da 13 İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə mənzillərin təqdim olunması onların sosial təminatının xüsusi diqqətdə saxlanılmasının daha bir ifadəsidir.

Sosial infrastrukturun səmərəli fəaliyyətinin təşkili muxtar respublikada həyata keçirilən dövlət siyasətinin tərkib hissələrindəndir. Çünki inkişaf etmiş səhiyyə və təhsil mühitinin mövcudluğu cəmiyyətdə baş verən bütün proseslərə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Müasir dövrün prinsiplərinə uyğun infrastruktur layihələrinin reallaşdırılması əhalinin sağlamlığının qorunmasında və gənc nəslin intellektual inkişafının təmin edilməsinə müstəsna rol oynayır. Dövlət Proqramında nəzərdə tutulan sosial infrastrukturun yaxşılaşdırılması tədbirləri ikinci rübdə uğurla davam etdirilmiş, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı istifadəyə verilmişdir. Ali Məclisin Sədri aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası və Ordubad şəhər 1 nömrəli tam orta məktəbinin istifadəyə verilməsi, innovativ dərnəklərin təqdimatı, iyunun 3-də Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə tanışlıq, həmin ayın 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlinin atılması, ayın 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının açılışı ilə bağlı tədbirlərdə iştirak etmişdir. İkinci rübdə Şərur şəhər Fizika-Riyaziyyat təmayüllü liseyin, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin yerləşdiyi binaların, Naxçıvan Müəllimlər İnstitutunun binasında fasad işıqlarının təmiri başa çatdırılmışdır.

Muxtar respublikada istifadəyə verilən yeni elektrik stansiyalarının sayı ildən-ilə artmaqda davam edir. Bu sahəyə çoxşaxəli yanaşma, yeni enerji mənbələrinin yaradılması işinin intensiv xarakter alması Naxçıvanın elektrik enerjisini idxal edən diyardan onu ixrac edən regiona çevrilməsinə səbəb olmuşdur. Yeni layihələrin icrası zamanı alternativ və bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi muxtar respublikanın bu sahədə nümunəvi rola malik olmasına gətirib çıxarmışdır. Proqramda müəyyənləşdirilən enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq üçün keçirilən tədbirdə iştirak etmişlər. Ali Məclisin Sədri aprelin 22-də Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanmış, mayın 26-da Şərur rayonunun Zeyvə kəndində günəş, iyunun 18-də Culfa rayonunda külək-günəş hibrid elektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmişdir. İkinci rübdə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilmiş, muxtar respublikanın şəhər və rayonlarında 19,9 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmiş, 62,1 kilometr uzunluğunda elektrik xətləri təmir edilmiş, 1 yeni transformator yarımstansiyası quraşdırılmış, 2,7 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. Eyni zamanda aprel-iyun aylarında muxtar respublikada 214 “Smart-kart” tipli qaz sayğacının quraşdırılması və Qaz İstismar Xidmətinə minik avtomobilinin alınması bu sahədə də işlərin uğurla davam etdirilməsinin bariz nümunəsidir.

İnsanın təməl ehtiyaclarından olan sudan səmərəli istifadə müasir dövrün ən aktual məsələlərindən hesab olunur. Əhalinin içməli su tələbatının ödənilməsi qədər, torpaqların su təminatının yaxşılaşdırılması da həyati əhəmiyyət kəsb edir. Dövlət Proqramında da su təchizatının, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, eləcə də meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı ilə bağlı keçirilən tədbirdə iştirak etmişlər. Həmçinin Ali Məclisin Sədri aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyasının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmiş, rayonda əkin dövriyyəsinə qatılan 340 hektar torpaq sahəsinə baxmışdır. İkinci rübdə 13,95 kilometr içməli su xətlərində, 1,3 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmış, 3 subartezian quyusu istifadəyə verilmişdir. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 51,27 kilometr içməli su, 0,1 kilometr kanalizasiya xətti çəkilmiş, 2 min 268 evin su, 1240 evin kanalizasiya xəttinə birləşməsi aparılmışdır. Bu dövrdə torpaqların su təminatını yaxşılaşdırmaq üçün 12,09 kilometr suvarma boru xətlərində təmir işləri aparılmış, 35,53 kilometr yeni suvarma boru xətləri çəkilmişdir. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Şərur, Babək və Kəngərli rayonlarında ümumilikdə 2,35 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmişdir. Muxtar respublikada 36,9 kilometr kanal, 71,24 kilometr ara arx və 18,8 kilometr kollektor lildən təmizlənmişdir. Ümumilikdə 308,9 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdıran mühüm amillərdən biridir.

Proqramda nəzərdə tutulan və mütərəqqi əhəmiyyət kəsb edən tədbirlərdən biri də rabitə xidmətlərinin yaxşılaşdırılmasıdır. Əhalinin informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması yüksək intellektə malik cəmiyyətin formalaşmasının əsas şərtlərindəndir. İnsanların informasiya tələbatının ödənilməsi üçün müasir şəraitin yaradılması mühüm sosial-iqtisadi proseslərdən hesab olunur. İkinci rübdə Proqramın icrası məqsədilə 946 metr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 11 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Bu dövrdə 1920 abonent internetlə təmin olunmuş, 591 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir. Kadr hazırlığının təşkili də diqqətdə saxlanılmış, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara 133 qrup üzrə 301 dinləyici cəlb olunmuşdur.   

Muxtar respublikada məşğulluğun artırılması və istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi istiqamətində görülən işlər sosial-iqtisadi inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə sahibkarlığa göstərilən dövlət dəstəyi özəl sektorun inkişafı üçün yeni imkanlar yaradır. Həmin imkanlardan səmərəli istifadə yeni istehsal sahələrinin yaradılmasına və iş yerlərinin açılmasına səbəb olur. Belə ki, ikinci rübdə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 424 min 750 manat həcmində kreditlər verilmiş, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 37 istehsal sahəsinin yaradılması başa çatdırılmış, bu sahələrdə 249 iş yeri açılmışdır. Yerli məhsulların ixracının stimullaşdırılması istiqamətində işlər davam etdirilmiş, 3-ü onlayn qaydada keçirilən 8 beynəlxalq tədbirdə 17 sahibkarlıq subyektinin 29 nümayəndəsinin iştirakı təmin olunmuşdur. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən filtrli siqaret, meyvə araqları, tütün, peçenye, mebel, travertin, mineral su və vafli məhsullarının 7 xarici ölkəyə və Bakı şəhərinə ixracı məqsədilə 40 mənşə sеrtifikаtı verilmişdir.

İkinci rübdə dövlət əmlakının özəlləşdirilməsindən 148 min 895,24 manat vəsait daxil olmuş, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 78 min 430 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bu dövrdə 579 ünvan lövhəsi və 2 min 491 giriş nömrə nişanının sənaye üsulu ilə hazırlanması üçün sifariş verilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi qazanılan nailiyyətlərin artması üçün yeni imkanlar yaradacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: