NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 yanvar 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri tirajın nəticələrinə görə hədiyyələrlə mükafatlandırılıblar. 15-ci tirajda 86-sı Naxçıvan şəhəri olmaqla, 445 muxtar respublika sakini 25 min manat dəyərində hədiyyə qazanıb.
Mükafatlandırma mərasimində bildirilib ki, 2021-ci ilin ilk 6 ayında ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 56 milyon 188 min 728 manata çatdırılıb. 6 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillərə uyğun olaraq hədiyyələr meyarlar üzrə qruplaşdırılıb. Belə ki, 1-ci meyar üzrə 400-manatdan 701 manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 35-55 manat arasında müəyyən olunub. Bu meyarda muxtar respublika üzrə 225 şəxs hədiyyə qazanıb. 2-ci meyar üzrə 701-manatdan 1001-manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 55-70 manat arasında müəyyən olunub. Bu meyarda da muxtar respublika üzrə 119 şəxs hədiyyə qazanıb.
3-cü meyar üzrə 1001 manatdan çox nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 75-90 manat arasında müəyyən olub. Bu meyarda da muxtar respublika üzrə 101 şəxs hədiyyə qazanıb.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub. Tədbir Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ının tətbiqi əhalinin nağdsız ödənişlərə həvəsləndirib. Proqrama uyğun olaraq 2014-cü ildən başlayaraq ildə 2 dəfə olmaqla həvəsləndirmə tədbirləri həyata keçirilir və bu günə kimi keçirilən 14 tirajda 3857 muxtar respublika sakininə 240 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.