Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılan “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində ilk təlim Ağbulaq İstirahət Mərkəzində keçirilib. Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələrinin və könüllü gənclərin iştirak etdiyi təlimdə Mərkəzin əməkdaşı layihənin əhəmiyyəti və aktuallığı barədə danışıb.
50-dən çox tələbənin cəlb olunduğu təlimin keçirilməsində əsas məqsəd tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir.
Tədbirdə Mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Daha sonra tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. 5 komanda iştirak etdiyi bu mərhələdə iştirakçılara göstərdikləri nəticələrə uyğun olaraq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim olunub.