Ölkəmizdə həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr, yeni iş yerlərinin açılması Prezident cənab İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” dəyərli fikrinin bariz təzahürü və əməli nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini əhalinin səmərəli məşğulluğunun təmin olunması təşkil edir. Bu məqsədlə görülən işlər yeni fəaliyyət sahələrinin yaranmasına və müvafiq ixtisaslara malik işaxtaranların bu sahələrdə işlə təmin olunmasına gətirib çıxarır. Məşğulluğun təminatına yönələn tədbirlərin davamlılığının qorunmasında icrası yüksək peşəkarlıqla həyata keçirilən dövlət proqramlarının əvəzolunmaz rolu vardır. Bu proqramlarda nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması yeni iş yerlərinin sayının artması və işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın da məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsidir. Proqramda müəyyənləşdirilən tapşırıqların icrası ikinci rübdə də davam etdirilmiş, boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçən 681 fiziki və hüquqi şəxs haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.
Əmək ehiyatlarından səmərəli istifadəyə yönələn tədbirlər içərisində yarmarkaların təşkili xüsusi yer tutur. Keçirilən əmək yarmarkaları işaxtaranlar üçün ixtisasına və qabiliyyətinə uyğun işin seçilməsi, işəgötürənlər üçün isə müxtəlif fəaliyyət sahələrinin potensiallı kadrlarla təmin olunması imkanı deməkdir. İkinci rübdə Naxçıvanda keçirilən əmək yarmarkalarında 253 müəssisə tərəfindən boş iş yerləri təqdim edilmiş, 214 nəfərin müvafiq işlə təmin olunması üçün göndəriş verilmişdir. Ümumilikdə aprel-iyun aylarında 730 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur. Onlar içərisində 172 gənc, 106 qadın və 17 sağlamlıq imkanları məhdud şəxsin olması muxtar respublikada sosial müdafiəyə daha çox ehtiyacı olan ayrı-ayrı əhali qruplarının zəruri tələbatlarının ödənilməsinə xüsusi həssaslıqla yanaşıldığını deməyə əsas verir.
Naxçıvanda məşğulluğun təminatı sahəsində müsbət dinamikanın qorunmasına təsir göstərən faktorlardan biri sahibkarlıq fəaliyyətinə göstərilən xüsusi dövlət dəstəyidir. Mövcud kənd təsərrüfatı və sənaye potensialından səmərəli istifadəyə yönəlmiş maliyyə dəstəkli layihələrin hazırlanması, sahibkarlar üçün güzəştli şəraitin formalaşdırılması müxtəlif istehsal sahələrinin və bu sahələrdə yeni iş yerlərinin yaranması ilə nəticələnir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Sahibkarlığın inkişafında başlıca hədəf sosial-iqtisadi səmərəlilikdir. Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş yerləri də açılmış, əhalinin məşğulluğu və rifahı yüksəlmişdir...”
Proqramın icrasına uyğun olaraq ikinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 42 layihənin maliyyələşdirilməsinə 1 milyon 153 min 650 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 37 istehsal sahəsinin yaradılması başa çatdırılmış, bu sahələrdə 249 iş yeri açılmışdır. Eyni zamanda 46 sahənin yaradılması və 476 yeni iş yerinin açılması istiqamətində işlər də davam etdirilmişdir.
Qeyd olunanlarla yanaşı, ötən dövrlərdə olduğu kimi, aprel-iyun aylarında da ailə əməyinə əsaslanan alternativ gəlir mənbələrinin genişləndirilməsi diqqətdə saxlanılmışdır. Belə ki, bu dövrdə 25 ailə təsərrüfatına 424 min 900 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
İnsanların işlə təmin olunması üçün göstərilən dövlət qayğısının ən mühüm təzahürlərindən biri də özünüməşğulluq proqramıdır. Proqram çərçivəsində aktivlərin verildiyi ailələr özləri üçün yeni fəaliyyət imkanları yaradır. Sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi isə onların aktiv cəmiyyət həyatına inteqrasiyasını daha da sürətləndirir. Dövlət Proqramının icrası məqsədilə ikinci rübdə 85 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir. Əvvəlki dövrlərdə aktiv verilmiş ailələrə məxsus fəaliyyət sahələrində monitorinqlər davam etdirilmiş, təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən 3 ailəyə əlavə aqreqatlar verilmişdir. Bunlarla yanaşı, sağlamlıq imkanları məhdud və evdar qadınlarla bağlanmış müqavilə əsasında 700 yun jilet toxunaraq hərbi hissələrə təqdim edilmişdir. İkinci rübdə 38 sağlamlıq imkanı məhdud qadına toxuculuq peşəsinin öyrədilməsi məqsədilə təlimlər təşkil olunmuşdur. 22-23 may tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satışı yarmarkasında sağlamlıq imkanları məhdud şəxslərə, eləcə də Naxçıvan Regional Peşə Tədris Mərkəzinin müəllim və müdavimlərinə məxsus 55 əl işinin satışı təmin edilmişdir. Həmçinin aprel-iyun aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi sərgi-satışlarda 212, Naxçıvan Biznes Mərkəzində 36 əl işinin satışının təmin olunması bu sahədə təşkilati fəaliyyətin mütəmadi xarakter daşımasının əyani sübutudur.
Mövcud əmək ehtiyatlarından məqsədəuyğun istifadə olunması səmərəli məşğulluğun başlıca şərtlərindəndir. Bu məqsədə yönələn əsas istiqamət isə peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılmasıdır. Dövlət Proqramının icrası məqsədilə peşə kurslarının təşkili ikinci rübdə də davam etdirilmişdir. Bu dövrdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində və cəzaçəkmə müəssisələrində təşkil edilən kurslara 15-i gənc olmaqla, ümumilikdə 60 nəfər cəlb olunmuşdur. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində keçirilən kursları 105-i gənc olmaqla, 199 nəfər bitirmişdir. Aprel-iyun aylarında ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 378 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi təmin olunmuşdur. Ordubad Texniki Peşə və Sürücülük Məktəbində keçirilən “Xalçaçı” kursuna 15 nəfərin cəlb edilməsi bir daha təsdiqləyir ki, peşə hazırlığı təşkil olunarkən xüsusi diqqətdə saxlanılan məsələlərdən biri də ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafının dəstəklənməsidir.
Dövlət Proqramında nəzərdə tutulan mütərəqqi tədbirlər içərisində qeyri-formal məşğulluğun qarşısının alınması özünəməxsus yer tutur. Çünki rəsmi prosedurlardan kənar təşkil olunan fəaliyyət sosial-iqtisadi inkişafa mənfi təsir göstərə biləcək faktorlardan hesab olunur. Qeyri-leqal məşğulluğun aradan qaldırılması ictimai gəlirin artmasına səbəb olur və sosial rifahı təmin edir. İkinci rübdə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərində monitorinqlər davam etdirilmişdir. Bu monitorinqlər zamanı 49 obyektdə 101 işçinin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilmiş, işçilərin müvafiq əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilmişdir. Eyni zamanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 1 əcnəbi barədə qanunvericiliyə uyğun tədbir görülmüş, muxtar respublika ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 51 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilmişdir.
Proqramda müəyyənləşdirilmiş tapşırıqlardan biri də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasıdır. Fəaliyyət şəraitinin tələb olunan şərtlərə uyğun təşkili işəgötürənlərin ən mühüm vəzifələrindəndir. Əməyin səmərəliliyinə müsbət təsir göstərən amillərdən biri şübhəsiz ki, sağlam iş mühitinin mövcudluğudur. Mühafizə olunan əmək istehsal bolluğu və son nəticədə ictimai rifah deməkdir. İkinci rübdə muxtar respublika üzrə 46 obyektdə nəzarət həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 37 işçi həmin vasitələrlə yerində təmin edilmiş, 5 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Aprel ayında “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibətilə Naxçıvanda fəaliyyət göstərən 24 tikinti, sənaye və istehsal müəssisəsinin 61 nümayəndəsinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Eyni zamanda bu münasibətlə “Əməyin mühafizəsi” adlı rüblük elektron jurnalın xüsusi nömrəsi yayımlanmışdır.
Dövlət Proqramının icrasına uyğun olaraq Naxçıvan dövlət teleradiosunda 8 veriliş hazırlanmış, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 12 material yerləşdirilmiş, “Şərq qapısı” qəzetində 1 məqalə dərc olunmuşdur.