İqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının sürətli inkişafının nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsulunda bu sahənin payı ildən-ilə artır. Kənd təsərrüfatında reallaşdırılan genişmiqyaslı islahatların sayəsində bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət nəticələr əldə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” isə bu istiqamətdə atılan növbəti addımdır. Təsdiq olunan yeni Dövlət Proqramının həyata keçirilməsi üzrə 16 bənddən ibarət olan Tədbirlər Planında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına da bir sıra mühüm vəzifələr qoyulub.
Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrə müvafiq olaraq muxtar respublikanın rayonlarının sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq, soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 2021-ci ilin ikinci rübü ərzində 39 layihənin maliyyələşdirilməsinə ümumilikdə 1.096.650,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu istiqamətdə 32 layihə üzrə işlər başa çatdırılmış, 35 layihə üzrə işlər davam etdirilmişdir.
Kənd təsərrüfatı yönümlü istehsal sahələrinin yaradılması emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, çoxşaxəli ailə təsərrüfatlarının formalaşmasına da şərait yaradır. Bu məqsədlə cari ilin ikinci rübü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müxtəlif sahələr üzrə 25 ailə təsərrüfatına 424.900 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
İqtisadi inkişafın müasir mərhələsində mühüm məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarı ilə ixracyönümlü məhsul istehsalının həcminin artırılmasından ibarətdir. Buna görə də nəzərdə tutulan tədbirlər məhz kənd təsərrüfatı məhsulları istehsalının artırılması, bununla da daxili tələbatın ödənilməsi ilə ixrac məhsullarının həcminin artırılmasını hədəfləyir. Bu məqsədlə potensial ixrac bazarlarında baş verən tendensiyalar öyrənilmiş, ixrac potensiallı kənd təsərrüfatı məhsullarının bu bazarlara çıxarılması istiqamətində araşdırma aparılmış və təkliflər hazırlanmış, sahibkarlara təqdimatlar keçirilmişdir.
Kiçik təsərrüfatların birləşməsi, istehsal olunan məhsulların qablaşdırılması, xaricdə keçirilən beynəlxalq tədbir və sərgilərdə sahibkarların iştiraklarının vacibliyi barədə tədbir iştirakçıları ilə 4 halda maarifləndirmə istiqamətində görüşlər keçirilmişdir. Yerli məhsulların, o cümlədən tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı və sahibkarların xarici ölkələrdə ticarət tərəfdaşlarının tapılması məqsədilə görülən tədbirlər nəticəsində Azərbaycanın digər regionlarına kənd təsərrüfatı məhsulları göndərilmişdir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 2021-ci ilin ikinci rübü ərzində meyvə araqları və tütün məmulatlarının Polşa, İran İslam Respublikasına və Bakı şəhərinə maneəsiz şəkildə çıxarılması məqsədilə 5 hаldа mənşə sеrtifikаtı verilmişdir.
İxrac qabiliyyətli müəssisələrin istehsal potensialından tam istifadə etmələri üçün sahibkarlıq subyektləri ilə birgə təhlillərin aparılması davam etdirilmiş, mövcud çətinliklər və maneələrin, yeni bazarlara çıxış imkanlarının müəyyənləşdirilməsi məqsədilə 15 sahibkarlıq subyekti ilə birgə təhlillər aparılmış müvafiq təkliflər hazırlanmışdır.
Muxtar respublikada istehsal olunan məhsullarımızın tanıdılması, yeni bazarlara çıxış imkanlarının artırılması məqsədilə Latviyanın Riqa şəhərində yerləşən “Azərbaycan Ticarət Evi” ilə müzakirələr aparılmış, yerli məhsullarımızdan ibarət tanıtım materialları təqdim edilmişdir. Bu tədbirlərin davamı kimi 39 ixrac potensiallı sahibkarlıq subyektinin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Naxçıvan Məhsulları İxrac kataloqu” hazırlanaraq 250 ədəd kataloq çap edilmişdir.
Proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planında görüləcək işlər sırasında yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması və qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin yaradılması başa çatdırılmış, “Yun iplik istehsalı” sahəsinin yaradılması məqsədilə layihənin hazırlanması işləri davam etdirilmişdir. Bununla yanaşı hal-hazırda tələbatı idxal hesabına ödənilən bitki yağı istehsalı layihəsi üzrə avadanlıqların alınması üçün istehsalçı şirkətlə müqavilə bağlanmış və layihənin reallaşdırılması istiqamətində işlər aparılmışdır.
Gübrələrin baha olması, onun tətbiqi zamanı gübrə qalıqlarının yetişən məhsulda toplanması təsərrüfat sahiblərini alternativ üsulları tətbiq etməyə vadar edir. Bu üsullardan biri də kompostlardan istifadə etməkdir. Kompost gübrə istehsalı sahəsinin yaradılması istiqamətində tədbirlər davam etdirilmiş, istehsal gücü günlük 4 ton olan “Üzvi gübrə istehsalı” sahəsinin layihəsi hazırlanaraq sahibkarlara təqdimatı keçirilmişdir. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2021-ci ilin ikinci rübü ərzində dövlət maliyyə dəstəyi hesabına Culfa rayonunda kompost və torf istehsalı sahəsinin yaradılması məqsədilə bir sahibkarlıq subyektinə 30 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsi proqramın əsas məqsədlərindən biridir. Bu istiqamətdə yeni istehsal sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edən sahibkarlıq subyektlərinə göycənin qurudulması və qablaşdırılması, meyvə lavaşası istehsalı sahəsi, meyvə-tərəvəz məhsullarının qurudulması sahəsi üzrə hazırlanmış layihələr təqdim edilmiş və həmin sahələrin rentabelliyi barədə geniş məlumatlar verilmişdir.
Muxtar respublikamızda qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi, xüsusilə diqqətdə saxlanılmış, 1 ha sahədə qızılgül əkini üzrə layihə hazırlanaraq sahibkarlarla təqdimatı keçirilmiş, bu bitkinin əkin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə sahibkarlar ətraflı məlumatlandırılmışdır.
Qəbul edilmiş dövlət proqramının uğurlu icrası aqrar sahədə kiçik sahibkarlığı, ailə təsərrüfatlarını inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin və emal müəssisələrinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə öz töhfəsini verəcəkdir.
Çinarə Balayeva
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi