Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

A- A A+

Fövqəladə Hallar Nazirliyi tərəfindən bu il muxtar respublika ərazilərində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sayəsində taxıl zəmilərində yanğın hadisələri baş verməyib. Lakin biçindən sonra da taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən  biçilmiş sahələrin yandırılması hallarına yol verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirlik bütün bunları nəzərə alaraq bir daha sahibkarları, torpaq mülkiyyətçilərini və fermerləri biçindən sonra taxıl sahələrinin yandırılmaması üçün aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Taxıl biçini başa çatdıqdan sonra yerdə qalan samanın və küləşin yandırılması yaxınlıqda yerləşən quru otlaq sahələrdə, yaşayış məntəqələrində, meşə ərazilərində və strateji əhəmiyyətli obyektlərə yüksək yanğın təhlükəsi yaratmaqla yanaşı, irimiqyaslı yanğınlara və mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb ola bilər.

Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması həm ekoloji cəhətdən ziyandır, həm də torpağın məhsuldarlığını aşağı salır. Biçindən sonra torpaqların şumlanması torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir.

Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün uzun müddət lazımdır. Başqa sözlə, yanğın zamanı yüksək temperatur torpağın üst qatına təsir edərək, nəticədə humus ehtiyatını məhv edir və torpağın fiziki-kimyəvi xassələri dəyişir. Vahid sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət zamanı torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 5 santimetr qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır.

“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.     

Qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilərlər. 

Biz fermerlərə və torpaq mülkiyyətçilərinə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın.

Bir məqamı da qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yəni ot-saman tayaları yığırlar. Məhz həmin ot-saman tayalarını yığarkən aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Belə ki, ot-saman tayalarını yaşayış evlərinin çardağına, zirzəmisinə, yardımçı təsərrüfat tikililərinə və elektrik xətlərinin altına yığmaq qəti qadağandır. Ot-saman tayaları yaşayış evlərindən, tikililərdən, elektrik xətlərindən və yollardan ən azı 20 metr aralı məsafədə xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, onun ətrafı çəpərlənməli, azyaşlı uşaqların oraya daxil olmasına və nəzarətsiz buraxılmasına yol verilməməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək qəti qadağandır.

Bir daha torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə müraciət edirik ki, yuxarıda qeyd olunan tövsiyələrə vaxtında ciddi riayət olunsun və hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin «101» xidmətinə məlumat verilsin.       

         Fövqəladə Hallar Nazirliyinin
 mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: