Muxtar respublikada əhalinin səmərəli məşğulluğu diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən tədbirlər davamlı inkişafı təmin etməklə yanaşı, əhalinin səmərəli məşğulluğuna da yeni imkanlar yaradıb. Son dövrlər geniş vüsət alan tikinti-quruculuq işləri, istifadəyə verilən yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müasir avtomobil yolları və digər infrastruktur obyektləri bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirib

Muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə Dövlət pro­qramlarının uğurlu icrası bu sahənin inkişafında təkanverici rol oynayıb. Bu tədbirlərin davamı olaraq cari ilin yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunmasına, yeni iş yerlərinin yaradılmasına və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarında real vəziyyətin təhlil edilməsinə, eyni zamanda tələbata uyğun kadr hazırlığının aparılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən dövrdə yeni iş yerlərinin yaradılması diqqətdə saxlanılıb, 2011-ci ildən 1 iyul 2021-ci il tarixədək muxtar respublikada 33 min 364 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 85,4 faizini daimi iş yerləri təşkil edib. Bu dövrdə ümumi açılmış iş yerlərinin 47,2 faizi Naxçıvan şəhərinin, 15 faizi Şərur, 11,2 faizi Babək, 7,1 faizi Ordubad, 9 faizi Culfa, 3,9 faizi Kəngərli, 4,3 faizi Şahbuz, 2,3 faizi Sədərək rayonlarının payına düşüb.

2021-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilib. Verilən kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 28 hüquqi və 1342 fiziki şəxs qeydiyyata alınıb.

2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 55 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 54 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib.

Ümumi inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər demoqrafik proseslərə də müsbət təsir göstərib, muxtar respublikada əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 10,5 faiz artaraq 1 iyul 2021-ci il tarixə 462,3 min nəfər olub. Ümumi əhalinin 252,1 min nəfərini məşğul əhali təşkil edib ki, bu da 2011-ci ilin sonu ilə müqayisədə 16,4 faiz çoxdur.

Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2011-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 18,5 faizini təşkil edirdisə, 2021-ci ilin yanvar-iyun aylarında bu göstərici 15 faiz olub.

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 98 min nəfər təşkil edib ki, bunun da 37,8 min nəfəri dövlət sektorunda, 60,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,3 faizi sənaye, 12,1 faizi tikinti, 19,6 faizi topdan və pərakəndə ticarət, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,8 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,4 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaradıb, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanan ortaaylıq əməkhaqqı 540,8 manat olub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. 2011-ci ildə isə bu göstərici 341,4 manat təşkil edib. Hazırda bir işçiyə hesablanan ortaaylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir. Bir işçiyə hesablanan ən yüksək ortaaylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.

Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən mühüm layihələr, insan kapitalının inkişafı, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin yaradılması əmək ehtiyatlarından səmərəli istifadəni, əhalinin məşğulluq imkanlarını daha da artıracaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: