Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatının inkişafına hesablanmış mühüm dövlət sənədləridir.
Babək rayonunda bu il 2020-ci ilin payızlıq taxıl əkininə görə 1946 nəfər istehlakçıya 585 min 538 manat məbləğində subsidiya, 2 milyon 428 min 178 kiloqram azot, 112 min 227 kiloqram isə fosfor gübrəsi verilib. Cari ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 37 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb.
2021-ci ilin məhsulu üçün rayonda 16 min 172 hektar sahədə əkin aparılıb. Cari ildə rayonda taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2021-ci ilin məhsulu üçün 10 min 823 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 10 min 603 hektarı payızlıq, 220 hektarı isə yazlıq taxıl təşkil edib. Taxıl zəmilərinin 6973 hektarında buğda, 3850 hektarında isə arpa əkilib. Əkilən sahələrdən 11 min 594 ton arpa, 21 min 846 ton buğda toplanıb.
Elin sərvəti sayılan taxılın vaxtında toplanılması qədər onun itkisiz şəkildə anbarlaşdırılması və emalı məsələləri də vacibdir. Bu ildən etibarən Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 45, arpa və qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir. Bu, muxtar respublikada torpaq mülkiyyətçilərinə göstərilən qayğı ilə yanaşı, həm də taxıl əkininə olan marağı da artırıb. Blokadanın ilk illərində çörəklə sınağa çəkilən muxtar respublika bu gün daxili istehsal hesabına ərzaq ehtiyacını təmin edir, bununla yanaşı, ixrac potensialını genişləndirir. Ərzaq ehtiyacının əsasını təşkil edən un və un məhsullarının təminatı üçün taxıl əkini ildən-ilə genişləndirilir. Bəli, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.
“Şərqin səhəri” qəzeti