Dövlət qayğısı, inkişaf və tərəqqi davamlı xarakter alanda... - FOTOLAR

Cari ilin ilk 6 ayının nəticələri Babək rayonunun davamlı inkişafına etibarlı zəmin yaradıb

A- A A+

Bura Babəkdir. Hər il geniş abadlıq-quruculuq işlərinin aparıldığı, 76 mindən çox əhalinin yaşadığı, ən ucqar dağ və sərhəd kəndlərində şəhər rahatlığının hökm sürdüyü, yeni iş yerlərinin, emal və istehsal sahələrinin yaradıldığı, aqrar sektorun dinamik inkişaf etdiyi rayon qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında mühüm pay sahibidir. 2021-ci ilin ötən dövrü ərzində əldə olunmuş nailiyyətlər, rayonun quruculuq xəritəsinin daha da genişlənməsi bu iri yaşayış məntəqəsinə göstərilən davamlı dövlət qayğısının daha bir ifadəsidir.

Uca dağ yamaclarına sığınıb, düşmənə gözdağıdır Aşağı Buzqov və Yuxarı Buzqov, Gərməçataq. Səfalıdır, qonaqpərvərdir Nəhəcir və Göynük kəndləri. Naxçıvançay boyunca sıralanan Şəkərabad, Yarımca, Hacıvar, Badaşqan gözəlliyi ilə göz oxşayır. İnkişafın zirvəsində dayanıb rayon mərkəzi olan Babək şəhəri… Böyüyüb, simasını dəyişib Nehrəm və Cəhri qəsəbələri. Müstəqilliyin nuruna boyanıb Qahab, Naxışnərgiz, Zeynəddin, Sirab, Kərimbəyli, Nəzərabad, Didivar. Abaddır Gülşənabad, Payız. Kiçik yaşayış məntəqələri olsalar da, böyük quruculuq işləri aparılıb Nəcəfəlidizədə, Çeşməbasarda, Güznütdə. Kəndlə şəhər arasındakı fərq götürülüb Şıxmahmudda, Xəlillidə. Yeniləşir, müasirləşir, həmin kəndlərin siyahısına qoşulur Araz. Məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur, yeni yol salınır, evlərə içməli su və kanalizasiya xətləri çəkilir Araz adlı kiçik yurd yerində. Tezliklə Araz müasir Azərbaycan kəndinin real nümunəsinə çevriləcək.

Bu il Babəkin ən ucqar dağ kəndi olan Göynük də müasir yaşayış məntəqəsi kimi həyata vəsiqə alacaq. Vaxtilə şəraitsizliyin hökm sürdüyü, sosial qayğıların baş alıb getdiyi kəndə dövlət müstəqilliyimizin işığı nur salıb. Texnikaların səsi Göynüyü bürüyüb. İndi köhnə, nimdaş binalar sökülür, yerində müasir layihə əsasında təhsil ocağı üçün bina inşa olunur, dövlət qurumlarının yerləşəcəyi kənd mərkəzi, rahat alış-veriş üçün xidmət mərkəzi tikilir.

Sirabda əsaslı şəkildə yenidən qurulan kənd məktəbi, Cəhri qəsəbəsində tikilən məscid Babək rayonunun davamlı inkişafından xəbər verir. Rayon Statistika İdarəsindən aldığımız rəqəmlər də fikrimizi təsdiqləyir. 2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 35 milyon manatdan artıq vəsait yönəldilib. Vəsait qoyuluşlarının 97 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.

Kənd təsərrüfatı sürətlə inkişaf etdirilir, hər il on minlərlə hektar sahədə əkin aparılır Babəkdə, tonlarla taxıl, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsal olunur bu diyarda. Dövlət torpaq mülkiyyətçisinə dəstək göstərir, kredit ayırır, texnika təminatını, suvarma imkanlarını yaxşılaşdırır, subsidiyalar verir. Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ailə təsərrüfatçıları və sahibkarlarla keçirdiyi görüşdə Babək rayonunun Cəhri qəsəbəsindən və Aşağı Buzqov kəndindən olan 2 nəfərə heyvandarlıq və maldarlıq üzrə ailə təsərrüfatlarını qurmaq və ya genişləndirmək üçün, ümumilikdə, 30 min manat dəyərində güzəştli kredit verilib. 2021-ci ilin yanvar-iyun aylarında rayonda diri çəkidə 1616,6 ton ət, 8142,2 ton süd istehsal olunub. Hesabat dövrü ərzində rayonda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 5 layihə üzrə istehsal və xidmət obyekti yaradılıb,7 layihə üzrə istehsal və xidmət obyektinin yaradılması davam etdirilib.

Uzun illər əkilməyən torpaqların münbitliyi artırılır, yenidən əkin dövriyyəsinə daxil edilir. Bir sözlə, dövlət bununla torpaq mülkiyyətçisinə deyir ki, təsərrüfatını qur, iş-güc sahibi ol, istehsal sahəsi yarat. Bu gün Babəkdə torpaq ən yaxşı iş yerinə, dolanışıq vasitəsinə çevrilib. Torpaq tər verənə zər verir, insanı naümid qoymur. Müstəqillik illərində dövlət tərəfindən aqrar sahədə həyata keçirilən kompleks tədbirlər, qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası bol məhsul təminatı yaradıb. 2021-ci ilin məhsulu üçün Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb. Bunun 10 min 823 hektarını taxıl təşkil edib. Artıq biçin kampaniyası itkisiz və mütəşəkkil müddətdə başa çatdırılıb və sahələrdən 33 min 440 ton məhsul tədarük olunub. Bu il taxılın alış qiymətləri daha da artırılıb. Belə ki, dövlət tərəfindən fermerlərin, ailə təsərrüfatçılarının istehsal etdikləri arpanın 1 kiloqramı 40, buğdanın 1 kiloqramı 45, qarğıdalının 1 kiloqramı isə 40 qəpikdən satın alınır. Tədarük olunan məhsulun ödənişi yerində və nağd formada həyata keçirilir.

Qeyd edək ki, Babək rayonunda bu il 2020-ci ilin payızlıq taxıl əkininə görə 1946 istehlakçıya 585 min 538 manat məbləğində subsidiya, 2 milyon 428 min 178 kiloqram azot, 112 min 227 kiloqram isə fosfor gübrəsi verilib. Cari ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 37 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb. Bütün bunlar bol taxıl istehsalına zəmin yaradıb.

Ötən əsrin 90-cı illərindəki dağıdıcı proseslər Naxçıvandakı arıçılıq təsərrüfatlarına da təsirsiz ötüşməmişdi. Belə ki, muxtar diyarda arı ailələrinin sayında və məhsul istehsalında kəskin azalma müşahidə olunurdu. Halbuki, Naxçıvanın təbiəti ta qədimdən kənd təsərrüfatının aparıcı sahələrindən olan arıçılığın inkişafına şərait yaradıb. Müstəqillik illərində muxtar respublikada bu sahənin inkişafına hesablanmış konkret tədbirlər həyata keçirildi. Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi, festivalların, yarmarkaların təşkil olunması, arıçılıq təsərrüfatlarının yaradılması üçün güzəştli kreditlərin ayrılması bu sahəyə marağı daha da artırıb. Bu il rayonda daha 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılıb, 2 arıçılıq təsərrüfatının yaradılması isə davam etdirilir.

Vaxtilə ərzaq təhlükəsizliyi ilə üzləşən Naxçıvan bu gün 300 növdən çox məhsul istehsal edir. Qədim diyarda yaradılan emal və istehsal sahələri, ailə təsərrüfatları, iri sənaye müəssisələri həm də məşğulluq məsələlərinin həllinə müsbət təsir göstərir. Beləliklə, artıq insanlar yaşadığı kənddə, qəsəbədə, şəhərdə iş qurub, sahibkar adını qazanıb, dost-tanışlarını, qohum-qardaşlarını da işgüc sahibi edib. Məşğulluq məsələlərinin uğurlu həllində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Proqrama uyğun olaraq cari ildə rayonda 27 yeni iş yeri yaradılıb, aztəminatlı ailələr fərdi təsərrüfatlarını qurmaq üçün özünüməşğulluq proqramına cəlb olunub.

Ötən əsrin 90-cı illərində həm də informasiya blokadasına məruz qalan Naxçıvan ölkədə və dünyada baş verən hadisələrdən, demək olar ki, xəbərsiz qalmışdı. Paralel olaraq energetika sektorunda da dərin böhran yaşanırdı. Qədim diyar zülmətə, qaranlığa qərq olmuşdu. Amma bütün bunlar artıq acı bir xatirə kimi arxada qalıb. 2021-ci ilin ötən dövrü ərzində Babəkdə informasiya, rabitə, energetika və sosial təminat sahəsində işlər uğurla davam etdirilib.

Statistik göstəricilərə nəzər saldıqda görürük ki, bu dövrdə rayonda informasiya və rabitə xidmətlərinin dəyəri 3 milyon manatdan artıq olub. Rayonda əhaliyə müasir poçt xidmətləri də göstərilir, Babək rayonunun ərazisində yerləşən elektrik stansiyaları muxtar respublikanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, qədim diyar enerji ixracatçısı kimi şöhrət qazanır. Bununla belə, rayonda energetika sahəsində infrastruktur daim yenilənir. Belə ki, Babək şəhərində və Şəkərabad kəndində smartkarttipli elektrik sayğacları quraşdırılıb, yeni inşa olunmuş evlər elektrik enerjisi və mavi yanacaqla təmin olunub.

İnsan amilinə verilən yüksək dəyər, davamlı dövlət qayğısı muxtar respublikanın hər yerində olduğu kimi, Babək rayonunda da məskunlaşma, sosial rifah halının yaxşılaşması sahəsində qazanılan uğurlarla özünü doğruldur. Təkcə bu faktı qeyd etmək yerinə düşər ki, bu ilin yanvar-iyun ayları ərzində rayon mərkəzində, qəsəbə və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, Sirab kəndində isə içməli su xəttinin tikintisi davam etdirilir. Bundan başqa, cari ildə rayonda müasir nəqliyyat sisteminin formalaşdırılması da diqqət mərkəzində olub. Belə ki, Göynük kəndində avtomobil yolunun, eləcə də “Naxçıvan Dəmir Yolları” MMC-nin Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilib.

***

Şəninə neçə-neçə şeirlər, nəğmələr qoşulan, bugünkü inkişaf salnaməsi ilə adını tarixə yazdıran Babək rayonunu haqlı olaraq ulu öndər Heydər Əliyevin yadigarı da adlandırırlar. Ali Məclis Sədrinin himayəsi və qayğısı ilə Göynük və Araz kəndlərinin də abadlaşmasından sonra rayonun bütün yaşayış məntəqələrinin yenidən qurulması prosesi başa çatdırılacaq. Qısa zaman ərzində görülən böyük işlər göz qabağındadır. Budur, Vətən sevgisi, xalqa sədaqətlə xidmət etmək amalı.

Muxtar Rzazadə

"Şərqin səhəri"qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: