Sığortaolunanlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarına elektron qaydada nəzarət edə bilərlər
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Bunun üçün Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az), Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə (dsmf.nmr.az) və e-sosial.az saytına daxil olmaqla, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Qeyd edək ki, muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən etibarən başlanılıb. Fərdi uçotun yaradılmasında əsas məqsəd, ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Yəni,ödənilən məcburi dövlət sosial sığorta haqları Fondda fərdi uçot sistemində açılan fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürülür.