Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 108-i yaşa, 9-u əlilliyə, 15-i ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 132 nəfərə əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşların 78-i kişi, 54-ü isə qadındır.
Fond tərəfindən muxtar respublikada əmək pensiyası və müavinətlərin vaxtında ödənilməsi üçün 15 milyon 283 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb.
Həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 281 min manat vəsait köçürülüb.
Ümumilikdə, ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 10 milyon 576 min 500 manat vəsait yığılaraq Fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 67,9 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb.