“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində kursantlara təlim keçirilib - FOTOLAR
Bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, Maliyyə Tədris Mərkəzi tərəfindən, “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş “Yay məktəbində” Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün təlim keçirilib.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova qeyd edib ki, təlimin əsas məqsədi gənclərə istehlak və qənaət vərdişlərini aşılamaq, düzgün iqtisadi plan qurmaları üçün maarifləndirmə işini aparmaqdan ibarətdir.
Təlim zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə planlaşdırılması, onun düzgün idarə edilməsi, mövcud resurslardan qənaətlə istifadə, yığım, investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verilib. Mövzular üzrə interaktiv oyunlar keçirilib, müsabiqə xarakterli mərhələdə 8 komanda iştirak edib, iştirakçılara mərhələlərin nəticələrinə görə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə bu günə qədər 5 təlim təşkil edilib və təlimlərdə ümumilikdə, 200-dən çox gənc iştirak edib. Keçirilən təlimlər zamanı yüksək nəticə göstərən komandalara və fəal iştirakçılara Mərkəz tərəfindən 79 sertifikat təqdim olunub.